Misirin “Əxbar Əl Yom” qəzetində və “Nabd” portalında Azərbaycanın irqi ayrı-seçkilik və etnik təmizləmə ittihamı ilə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyi barədə məqalələr dərc edilib.
Məqalələrdə Misir ictimaiyyətinin diqqətinə çatdırılır ki, Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə rəsmi Bakı irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək.
İctimaiyrey.az AZƏRTAC-a istinadən xəbər verir ki, yazılarda Ermənistan tərəfinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində dağıntılar törətməklə yanaşı, həmçinin mülki əhalini qətlə yetirdiyi, etnik təmizləmə siyasəti apardığı qeyd olunur. Rəsmi Bakı tələb edir ki, işğalçı dövlət həm vurduğu ziyanların müqabilində təzminat ödəsin, həm də irqi ayrı-seçkilik zəminində etnik təmizləmə apardığına görə cəzalandırılsın.
Hazırlanmış iddia sənədinə azərbaycanlıların etnik mənşəyinə görə zor gücünə qovulması, onlara işgəncə verilməsi, öldürülməsi və qəddar rəftar edilməsi faktları daxildir. Bundan başqa, bir milyondan çox azərbaycanlının Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulması, Azərbaycanın şəhərlərinin tamamilə yer üzündən silinməsi də sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsinə təqdim ediləcək.
Oqtay Bayramov
İctimairey.az