Sentyabrın 22-də Vyanada “Sargfabrik” mədəniyyət evində Əməkdar artistlər – tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı ilə çıxış ediblər.
“Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt konsertin iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, nüfuzlu “Şərq təranələri“ festivalında “Qran-Pri” mükafatına layiq görülən S. Paşazadə və K. Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Almaniyada bu qəbildən olan festivallardan birində onların ifasını bəyənən D. Libervirt muğam ifaçılarını Vyanaya dəvət edib. İndiyədək Avstriyada dəfələrlə konsert proqramlarında çıxış etsələr də, bu, onların Avstriyada ilk solo konsertidir.
Konsertin ilk hissəsində S. Paşazadə və K. Kərimov ”Mahur hindi” muğamını tam olaraq dəstgah şəklində və “Bayatı-Şiraz” muğamı və kompozisiyasını ifa ediblər. Kompozisiyaya daxil edilmiş xalq mahnıları və nağaranın ifasında solo ifa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin ikinci hissəsi Azərbaycan muğamları içərisində özünəməxsus yerə malik “Segah” muğamı səsləndirilib. Muğam kompozisiyasının tərkibində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə ithafən “Şuşanın dağları” mahnısı ifa olunub. Sonra 2017-ci ildə Səmərqənddə “Şərq təranələri“ festivalında Azərbaycan musiqiçilərinə “Qran-Pri“ mükafatını qazandıran və onlara dünya şöhrəti gətirən “Şur” kompozisiyası tamaşaçılara təqdim olunub. Sürəkli alqışlarla keçən konsertin zirvə nöqtəsini isə Azərbaycanın dilbər guşəsi Qarabağa həsr olunan “Qarabağ” mahnısı və “Qarabağ şikəstəsi” təşkil edib.
Elgün Niftəli
İctimairey. Az