Mollaların siyasətlə məşğul olması doğrudan da yaxşı nəticələrə gətirib çıxarmırmış. Biz bunu qonşumuz İranın günümüzdəki heç də xoş olmayan pis təcrübəsindən də görürük. İranı idarə edən molla rejimi siyasi məsələlərə, o cümlədən qonşuları ilə münasibətlərə ənənəvi fars-molla zehniyyəti ilə yanaşdıqlarına görə indi də Azərbaycana qarşı ciddi səhvlərə yol vermələrini davam etdirməkdədir.
Görünən budur ki, Azərbaycanın 30 ildən sonra öz ərazilərini azad etməsi, Zəngəzur dəhlizinin açılması ideyasını israrla gündəmə gətirməsi, Gorus-Qafan yolunu düşmən ölkəyə qanunsuz yüklər daşıyan İran avtomobillərinin üzünə bağlaması, Xəzər dənizində Azərbaycan və Türkiyənin birgə hərbi dəniz təliminin, eləcə də Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının “Üç qardaş” birgə hərbi təliminin uğurla baş tutması İranın mövcud rəhbərliyi tərəfindən düzgün başa düşülməyib.
Onlar bütün bunları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi kimi dəyərləndirmək və təqdir etmək əvəzinə, əksinə, ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirməyə, qeyri-adekvat addımlar atmağa başlayıblar. İran maşınlarının Azərbaycanın ərazi bütövlüyünü pozaraq Xankəndiyə qanunsuz yüklər daşımasına görə rəsmi Tehran Azərbaycandan üzr istəmək əvəzinə, bir yandan SEPAH-ın iştirakı ilə sərhədlərimiz boyunca hərbi təlim keçirir və sərhəd ərazilərimiz üzərində dronlarla müşahidə aparır, digər yandan isə ayətullah Xameneinin nümayəndəsi hesab edilən Amuli adlı bir mollanın ağzı ilə bizi təhdid edir. Bütün bunlar həqiqətən də mollaların siyasətdən və geosiyasətdən nə qədər uzaq, bixəbər olduqlarını əyani şəkildə təsdiqləyir.
İranı adekvat dünyəvi siyasi qüvvələr idarə etsəydi çox güman ki, Tehran Azərbaycana qarşı indiki kimi qeyri-səmimi və qeyri-rasional siyasət yürütməzdi. Baş verənlər onu göstərir ki, mollalar hakimiyyətdə olduqları son 40 ildə bir yandan şah İranının ənənəvi paniranist, panfarsist dövlətçilik ənənələrini tamamilə mənimsəyiblər, digər yandan isə onu daha da iyrəncləşdiriblər. Ancaq Azərbaycan isə son 30 illik müstəqillik dönəmində İrana qarşı daim xoşməramlı siyasət yürüdüb. Hətta dünya güclərinin İranın başının üstünü kəsdirdiyi və Rusiyanın da belə İranla müttəfiqliyinə vəfasızlıq, sədaqətsizlik göstərdiyi ən kritik məqamlarda da Azərbaycan bu ölkəyə qarşı hər hansı ittifaqlarda yer almayıb və öz ərazisindən də İrana qarşı plasdarm kimi istifadə edilməsinə yol verməkdən birmənalı şəkildə, qətiyyətlə imtina edib.
Bir sözlə, mollaların bizə münasibətindən fərqli olaraq Azərbaycan İrana qarşı hər zaman dürüst və səmimi olub, əsl fədakar qonşu kimi davranıb.
Lakin əfsuslar olsun ki, İran Azərbaycanın bu yaxşılığını nə Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə düzgün dəyərləndirə bilmədi, nədəki postmüharibə dönəmində bu ölkə bizə münasibətdə konstruktiv siyasət yürütmək, bizimlə gerçək dostluq etmək istəmir. Hamıya məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin bizim qələbəmizlə bitməsindən sonra İranla sərhədləri dostluq sərhədi adlandırdı. Ancaq çox təəssüf ki, mollalar Azərbaycan liderinin bu cür səmimi dostluq mesajına da adekvat reaksiya verməyi bacarmırlar. Onlar bizim dostluq sərhədi kimi baxdığımız İran-Azərbaycan sərhədlərində, Aslanduz çölündə bu gün hərbi təlim keçirməklə əslində gerçək kimliklərini ortaya qoyur və bizə qarşı heç də dost niyyəti güdmədiklərini bəyan edirlər.
İran bu cür aqressiv taktikaya əl atmaqla ciddi şəkildə yanılır. Molla rejimi başa düşməlidir ki, bu siyasət sonda İranın öz maraqlarına ağır zərbə vuracaq. Azərbaycanla bu tonda danışmaq və bu cür qonşuluq etmək olmaz! Siyasətiniz kökündən səhvdir, cənab ayətullahlar!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri