Bir çox mediada Bakının xilaskarı olan Nuru Paşanın Hacı Zeynalabdin Tağıyev qızı Sara xanıma elçi düşməsi barədə yazılar verilir və istinad kimi də hörmətli Manaf Süleymanova göstərilir. Hətta çoxları Sara xanımın son vaxtlarında dediklərini də əsas kimi götürüb bunu belə iddia edirlər.
Həqiqətdən uzaq olan bu iddiaya aydınlıq gətirmək vacibdir.
Nuru Paşa Bakıda olanda və Hacı ilə tanışlıq qurulanda artıq Zeynal bəylə Sara xanım ailəli idi və bir qız övladı var idi. Və Türk zabiti kimi Nuru Paşa əsla evli xanıma elçi düşə bilməzdi. Nuru Paşanın Tağıyevə elçi düşüdüyü Hacının kiçik qızı Sürəyya xanım olub. Qeyd edim ki, Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla, Sara və Sürayya.
Qızı Leyla xanım Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevlə evlənmişdir.
Qızı Sara Tağıyeva Zeynal bəy Nəcəf bəy oğlu Səlimxanovla evli olub, bir qızı olub. Sonra Onu antisovet təbliğatı aparmaqda günahlandırıblar. Səkkiz il həbs cəzasına məhkum edilib.
Sara xanım Bakıdan Leninqrada köçdükdən sonra, orada Nikolay Sarayev adlı bir rusla tanış olur və ailə həyatı qurur. Bu, Sara xanımın ikinci ailəsi olur.
Nuru Paşanın elçi düşdüyü Sürəyya xanım Bakının azad edilməsi zamanı subay idi. Nuru Paşa onu Hacının verdiyi ziyafətdə sarı rəngli milli geyimdə görüb aşiq olur. Ona elçi düşüb, amma Hacı ‘Mən qürbətə, Bakıdan kənara qız vermərəm. Övladlarım gözümün önündə olmalıdır” – deyib etiraz edir. Nuru Paşa evlənib Bakıda yaşayacağını desə də, Hacı razı olmur. Hətta Nuru Paşanın atası Əhməd Bəy də elçi düşsə də, Hacı qızının onunla ailə qurmasına etiraz edir.
Nuru Paşa Sürəyya xanım üçün “Sürəyya” şeiri belə yazır.
Tağıyevin kiçik qızı Sürəyya xanım Dərbənddən gələn Əsəd bəy Abdullayev soyadlı bir mühəndislə evlənmişdi. Abdullayev də Dərbənddə yaşayan məşhur bir ailənin üzvü idi. 1922-ci ildə evləniblər. Onların iki övladı olub. Oğlu professor alim geofizik Rəsmi Abdullayev və qızı Dilarə Abdullayeva.
Bu hadisədən sonra Nuru Paşa uzun illər ailə qurmadı. 1946-cı ildə, ölümündən üç il əvvəl Misirin saray ailəsindən olan İffət xanımın qızı Misli Mələk xanımla ailə qurdu. Bu zaman Nuru paşanın 56 yaşı var idi. Misli Mələk xanım isə, 45 yaşında idi. Onların övladları qalmamışdır
Dosent Zaur Əliyev