“Mossad” İsrail kəşfiyyatı İranın nüvə fiziki Möhsün Fəxrizadəni öldürmək üçün süni intellektlə təchiz edilmiş ən müasir kompüterləşdirilmiş snayper cihazından istifadə edib.
Cebhe. info xəbər verir ki, “The New York Times” qəzeti mənbələrə istinadən yeni detalları açıqlayıb.
Qəzetin yazdığına görə, cihaz eyni zamanda peyk vasitəsilə videomüşahidə sistemi ilə təchiz edilib və dəqiqədə 600 atəşaçma qabiliyyətinə malikdir. Məqalə müəllifi qeyd edir ki, robot pulemyot casusluq dünyasını birdəfəlik dəyişə bilər.
Məlumata görə, Fəxrizadənin öldürülməsinə hazırlıqlar Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə “Mossad” arasında bir sıra görüşlərdən sonra 2019 -cu ilin sonu – 2020 -ci ilin əvvəllərində başlayıb.
İsrail kəşfiyyatı amerikalı həmkarlarına əməliyyat planı haqqında məlumat verib və onlar bunu təsdiqləyiblər.
Nəşr yazır ki, Fəxrizadənin öldürülməsi üçün “Mossad”ın yüksək texnologiyalı robot cihazına bağlı Belçika istehsalı olan FN MAG pulemyotunun xüsusi modelindən istifadə edilib.
Silah qaçaq yolla İrana gətirilib, sonra yenidən yığılıb və yük maşınına quraşdırılıb. Hücumdan dərhal sonra məhv ediməsi və heç bir dəlil buraxılmaması üçün maşın minalanıb. Qətl yerinin girişində kəşfiyyatçılar təkərsiz olduğu iddia edilən sınıq avtomobil də tapıblar. Əməliyyata başlamazdan əvvəl isə kəşfiyyatçılar maşında həyat yoldaşının və ya uşaqlarının deyil, Fəxrizadənin özünün olduğundan əmin olmaq istəyiblər.
Əməliyyat bir dəqiqədən az davam edib. Ancaq diqqətlə hazırlanmasına baxmayaraq, son hissə plana uyğun olmayıb. “Pikap”maşınının partlayışının snayper cihazını tamamilə məhv etməsi lazım idi, amma əvəzinə yan tərəfi xəsarət alıb.Çox zədələnsə də, praktiki olaraq maşın bütöv qalıb.
Xatırladaq ki, Fəxrizadə 27 noyabr 2020 -ci ildə Tehran yaxınlığında öldürülüb. Əvvəlcə Fəxrizadənin yerindəcə partladıldığı, daha sonra alimin maşınına atəş açıldığı bildirilib. Hücum nəticəsində bir neçə nəfər həlak olub. İranın ozamankı prezidenti Həsən Ruhani hadisədə İsraili günahlandırıb.
Sevinc Tapdıqqızı
Cebhe. info