Gürcüstanın Laqodexi rayonunun 17 min əhalisi olan Qabalı kəndində SOCAR tərəfindən yüksək standartlara uyğun tikilmiş uşaq bağçası sentyabrın 18-də Gürcüstan dövlətinə təhvil verilib.
İctimairey.az AZƏRTAC –a istinadən xəbər verir ki, müəssisənin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kaxeti meri İrakli Sioşvili, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, binanın layihəsi Gürcüstan ərazisində müəyyənləşdirilmiş tikinti standartlarına və tələblərinə uyğundur. Bağçada müasir oyun meydançası inşa edilib, ərazidə işıqlandırma sistemi qurulub, abadlaşdırma işləri aparılıb.
Uşaq bağçasının açılış mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, həm də yüz minlərlə soydaşımızın doğma vətənidir. Bu ölkənin qazpaylayıcı şəbəkəsinin operatoru olan SOCAR öz sosial məsuliyyətini daim diqqət mərkəzində saxlayır. Gürcüstanda həyata keçirdiyimiz bir çox layihələrin məqsədi burada yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyasına, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına dəstək verməkdir. Hər bir insan övladlarının gələcəyini düşünür, onların təlim-tərbiyəsinin qayğısına qalır. Bu gün biz övladlarımızın gələcəyinə sərmayə yatırırıq.
“Soydaşlarımızın yaşadığı məntəqələrdə gələcəkdə də müasir uşaq bağçaları və idman komplekslərinin, ictimai təyinatlı obyektlərin inşa olunmasına, gənc nəslin inkişafına, təhsil və tərbiyəsinə töhfə verməyə davam edəcəyik”, – deyə R.Abdullayev vurğulayıb.
Kaxeti meri İrakli Sioşvili göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və SOCAR rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən SOCAR-ın həyata keçirdiyi çoxsaylı layihələr sayəsində Laqodexinin digər ərazilərində də quruculuq və abadlıq işləri görülüb, kəndlərin qazlaşdırılması həyata keçirilib.
Sonra qonaqlar uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
İctimairey.az