Taliban oğlan və kişi müəllimlərin sinifə qayıtmasını əmr etdikdən sonra, Əfqanıstan orta məktəblərindən qızları xaric etdi.
İctimairey.az xəbər verir ki, Əfqanıstanın Bəxtər Xəbər Agentliyinə məktəbli qızlar bildiriblər ki, geri dönmək üçün çox darıxırlar. “Hər şey biz qızlar üçün çox qaranlıq görünür”.
Taliban sözçüsü tezliklə qız məktəbləri açmaq planlarının olduğunu söyləsə də, qız uşaqlarının təhsilinə qadağa qoyulduğu Əfqanıstanda 1990 -cı illərin sərt qayda-qanunlarına qayıdacağı qorxusu var.
Şənbə günü Əfqanıstan məktəblərinin yenidən açılması ərəfəsində verilən açıqlamada deyilir: “Bütün kişi müəllim və 13-18 yaş arası şagirdlər təhsil müəssisələrinə getməlidirlər”.
Taliban sözçüsü Zabihullah Mücahidin qız məktəblərinin tezliklə açılacağını, rəsmilərin hazırda bunun “proseduru” və müəllimlərin bölgüsü də daxil olmaqla detallar üzərində çalışdığını söyləyib.
Ancaq məktəbli qızlar və valideynləri perspektivlərin qaranlıq olduğunu söylədilər.
“Gələcəyim üçün çox narahatam” – vəkil olmaq istəyən bir əfqan məktəblisi deyib.
Başqa bir əfqanlı qız ürək ağrısı ilə deyib: “Hər şey çox qaranlıq görünür. Hər gün yuxudan durub özümdən, niyə sağ qaldığımı soruşuram. Evdə qalıb qapının döyülməsini və kiminsə gəlib, evlənmək istədiyiniyimi gözləyim? Qadın bunun üçünmü yaranıb?”
Bir qızın atası deyib: “Anam savadsız idi və atam onu daim təhqir edir, döyür və ona axmaq deyirdi. Qızımın anam kimi olmasını istəməzdim”.
16 yaşlı Kabuldan olan başqa bir məktəbli qız söyləyib: -“Həkim olmaq istəyirdim! Bu xəyalım yoxa çıxdı. Düşünmürəm ki, bizi məktəbə qaytarsınlar. Məktəblər açsalar da, qadınların təhsilli olmasını istəmirlər.”
Bu həftənin əvvəlində Taliban qadınların universitetlərdə təhsil almalarına icazə veriləcəyini, ancaq kişilərlə birlikdə oturmayacaqlarını və yeni bir geyim forması ilə təmin olunacaqlarını açıqlayıb.
Bəziləri yeni qaydaların qadınları təhsildən kənarlaşdıracağını bildirir. Çünki universitetlərin qadınlara dərs keçmək üçün hə imkanı, nə də qadın müəllimləri yoxdur.
Qızların orta məktəblərə buraxılmaması heç bir qadının təhsilə davam edə bilməyəcəyi anlamına gəlir.
Esmira ŞÜKÜROVA İctimairey.az