Sentyabrın 15-dən 16-na keçən gecə, saat 03.30 radələrində Bakıda avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb.
İctimairey.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. “Ravon”, «BMW» və “VAZ-2107” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını və əhalininin dincliyini davamlı olaraq pozmaqla avtoxuliqanlıq ediblər. Ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Müşaiyət-Eskort Bölüyünün 4-cü tağımının əməkdaşları hər üç sürücünü saxlayıb və onlar aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə təhvil verilib. Avtomaşınlar isə duracağa yerləşdirilib.
Faktla bağlı toplanmış materiallar əsasında məhkəmə hər 3 sürücü barəsində qərar çıxarıb. Belə ki, 10 MM 998 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobil sürücüsü Zeynallı Yusif Bahadur oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub.
90 RP 937 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobilin sürücüsü Umudov Tural Elçin oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə, Vətən müharibəsi qazisi olduğu nəzərə alınmaqla 500 manat cərimə edilib.
“Ravon Nexia” markalı avtomobilin sürücüsü Osmanlı Elmar Elxan oğlu isə işlədiyi dövlət qurumundan qovulub.