Ermənistanı dəstəkləmək kiflənmiş siyasətdir. İran ermənipərəst siyasətindən əl çəkməlidir

0

 

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə keçrilən zirvə toplantısında bir araya gələn Ermənistan baş naziri Nikol Paşinyanla İranın yeni prezidenti İbrahim Rəisinin görüşündə tərəflərin iki ölkənin hökumətinin razılaşdırılmış birgə hərəkətlərinin önəmliliyini vurğulaması xüsusi maraq doğurur. Görəsən, söhbət hansı birgə hərəkətlərdən gedir? Bu hərəkətlərin sırasında qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı atılması nəzərdə tutulan addımlar da varmı? Böyük ehtimalla yəqin ki, var.
Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətinda olan hissəsinə qanunsuz yük dolu karvanların göndərilməsindən tutmuş, Xocalı rayonunun Daşbulaq kəndi yaxınlığında aparılan tikinti işlərinə iranlı fəhlələrin cəlb olunmasına qədər bir çox istiqamətlərdə İranla Ermənistanın Qarabağda üzə çıxan işbirliyi danılması mümkün olmayan faktlarla sübut olunmaqdadır. Əlbəttə, İranın bu qəbildən olan məkrli addımlarının Ermənistanın ayaqda saxlanmasına və regionda mövqelərinin möhkəmlənməsinə xidmət etməsi üçün nəzərdə tutulduğu artıq heç kimdə şübhə doğurmur. Lakin İranı idarə edən molla rejimi bilməlidir ki, Cənubi Qafqazda möhkəmlənməyin yolu Ermənistan kimi uğursuz “proyekt”i və məğlub dövləti dəstəkləməkdən, bəsləməkdən yox, regionun aparıcı dövləti sayılan Azərbaycanla sağlam qonşuluq münasibətlərinin qurulmasından və konstruktiv əməkdaşlıqdan keçir.
Ermənistanı dəstəkləmək siyasəti artıq köhnəlmiş, kiflənmiş siyasətdir. Bu siyasətin vaxtı keçib. Ermənistan kimi autsayder ölkəni dəstəkləməyin heç bir uğurlu perspektivi ola bilməz. Rəsmi Tehran nəhayət ki, bu aksiom xarakterli həqiqəti anlamalıdır. İranın yeni rəhbərliyi öz sələflərinin ermənipərəst siyasətindən əl çəkməli, yeni siyasi doktrindən çıxış etməlidir. Və bu yeni siyasi kursda qonşularla münasibətlər müstəvisində əsas ağırlıq ilk növbədə məhz Azərbaycanla normal münasibətlərin qurulmasına verilməlidir. Əks halda, Tehranın Ermənistana dəstək yönümlü yanlış addımlarının ağır fəsadlarının aradan qaldırılmasından ötrü İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin günü Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qapısında yatmaqla, görüş üçün növbə gözləməklə keçəcək.
Molla hökumətinin Azərbaycana yönəlik siyasətində ciddi korrektələr, müsbət dəyişikliklər etməsi günün tələbidir. İran ikibaşlı siyasətindən əl çəkməlidir, eyni vaxtda həm mənfur Ermənistanla, həm də bizim ölkəmizlə dostluq və qardaşlıqdan dəm vurmağın absurd olduğunu başa düşməlidir və bütün anlaşılmazlıqları tezliklə aradan qaldırmalıdır. Real vəziyyət onu göstərir ki, İranın Ermənistana yönəlik dəstək addımlarına və Qarabağda üzə çıxan İran-Ermənistan işbirliyinə qarşı Azərbaycanın ata biləcəyi adekvat cavab addımları çoxdur. Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsini İranın Ermənistana müxtəlif təyinatlı yüklər daşıyan maşınlarının üzünə bağlamağımızın yaratdığı psixoloji böhran və vurduğu iqtisadi zərər də buna əyani sübutdur. Bütün bunlar İran tərəfini ciddi düşündürməlidir. Hər kəs bilir ki, biz İranla mehriban qonşuluğun, sıx əməkdaşlığın və dostluğun tərəfdarıyıq. Ona görə də, İranın yeni rəhbərliyi tərəfindən də eyni mövqenin sərgilənəcəyini gözləyirik və cənub qonşumuzun hakim dairələrinin Azərbaycan ictimaiyyətində qıcıq yaradan addımlarına tamamilə son qoyulacağına ümid bəsləyirik. Tehran Bakının xoş məramını düzgün qiymətləndirməlidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »