15 sentyabr tariximizə qızıl hərflərlə yazılıb

0

 

Bu gün tarixi gündür. 15 sentyabr Bakının işğalçı daşnak-erməni-bolşevik birləşmələrindən azad olunduğu gün kimi tariximizə qızıl hərflərlə yazılıb.

Düz 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də əfsanəvi sərkərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Türk-İslam Ordusu Azərbaycan Korpusu ilə birlikdə Bakını bolşevik-daşnak işğalından azad edərək tariximizə şərəfli bir gün yazıb. Bununla da tam müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi tamamilə haqlı olaraq 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri sayılır. Həm də ona görə ki, çünki məhz bu şanlı tarixi hadisənin sayəsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtını Gəncədən Bakıya köçürmək mümkün oldu.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, qardaş Osmanlı Türkiyəsinin qoşunları bu döyüşlərdə 1130 şəhid verib. Biz əziz şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik.
Bu gün Azərbaycanın bir çox bölgələrində həmin şəhid türk əsgərlərinin məzarlarına rast gəlmək mümkündür. Qədirbilən xalqımız o məzarlara da, o məzarlarda yatan şəhid türk əsgərlərinin ruhuna da həmişə böyük ehtiram və sayğı ilə yanaşır.

1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması eyni zamanda Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının böyük sınaqdan müvəffəqiyyətlə çıxması baxımından olduqca müstəsna əhəmiyyət daşıyan bir hadisədir. Odur ki, hər il sentyabrın 15-də bu tarixi hadisə dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd edilir, şəhid əsgərlərin xatirəsi dərin hörmətlə anılır. Dövlət səviyyəsində təşkil olunan anım tədbirləri Azərbaycan-Türkiyə qardaşlığının real təzahürüdür.

Ulu Öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsi bu gün bu iki qardaş ölkənin münasibətlərində öz əyani təsdiqini tapır. Və bu gün bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında sıx dostluq və strateji müttəfiqlik müstəvisində davam etdirilir. Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün müsbət nümunədir. Və bizim bu qardaşlığımız əbədi olaraq davam edəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »