İran açıq oyuna başlayıbsa, biz də öz açıq münasibətimizi ortaya qoymalıyıq” — Partiya sədri

0

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Demokrat.az-a müsahibəsi:

– Azərbaycanın Xarici İşlər Nazirliyinin notalarına baxmayaraq, İran Qarabağa qanunsuz yüklərin daşınmasını davam etdirir. Sizcə, bu addımları atmaqda İranın məqsədi nədir?

– İranın molla rejimi Azərbaycanın müstəqilliyini və güclü dövlətə çevrilməsini heç bir halda həzm edə bilmir. Azərbaycanın müstəqillik qazandığı vaxtdan bu günə qədər İranın davranışlarına, fəaliyyətinə, Azərbaycanla münasibətdə atdığı addımlara, verdikləri bəyanatlara nəzər yetirsək, görərik ki, İran riyakarlığını ortaya qoyub. İran sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əməldə hər zaman Ermənistanın yanında olub. Hələ Şuşa işğal olunandan İran rejimi bu riyakarlığını davam etdirir. Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi İranın səfirini dəvət edərək, bu ölkənin qeyri-qanuni addımları ilə bağlı etirazını ona çatdırdı. İran tərəfinin sözlərinə görə bu, iki dövlətin arasını vurmaq istəyənlərin əməlidir, lakin onlar yenə də Qarabağda yaşayan ermənilərə yardımı davam etdirir. Bu, riyakarlıq, ikiüzlülükdür. Bu, İrandakı molla rejiminin mahiyyətindən doğan, əsrlərdən bəri həyata keçirdiyi siyasətin məntiqi davamı olaraq özünü göstərir. Artıq Azərbaycan daha ciddi addımlar atmağa başlayıb. Gorus-Qafan yolunda Azərbaycanın postu qurulub. İrandan gələn yüklər, onların təyinatı, həmçinin, sürücülərin sənədləri yoxlanılır. Bununla yanaşı, İrana qarşı daha ciddi addım ataraq, fərqli davranış ortaya qoymalıyıq.
Ən çətin zamanında Azərbaycan qonşu ölkə kimi İranın yanında oldu, ona qarşı hər hansı mənfi addımın atılmasına imkan vermədi. Bunun müqabilində İran hər zaman Azərbaycana qarşı xəyanətini göstərib və bu gün də bunu davam etdirir. Bu baxımdan düşünürəm ki, İranla münasibətlərimizə yenidən baxmalı, yeni yanaşmalar yaratmalıyıq. Fikrimcə, Azərbaycan ən qısa zamanda İsraildə səfirliyini açmalı və onlarla münasibətimizi ən yüksək səviyyədə davam etdirməliyik. İran açıq oyuna başlayıbsa, biz də öz açıq münasibətimizi ortaya qoymalıyıq.

– İranın bu hərəkətlərində rusiyalı sülhməramlı qüvvələrin fəaliyyəti də gündəmə gəlir. Necə düşünürsünüz, bu addımlar Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətini azaldırmı?

– Rusiyanın sülhməramlı qüvvələrinə xəbərdarlıq edilib. Məncə, biz artıq Laçın dəhlizində post qurmalı, Ermənistandan gələn bütün avtomobillərə və onların daşıdığı yüklərə nəzarət etməliyik. Xankəndidə və ətrafda yaşayan ermənilərə qeyri-qanuni yüklərin daşınmasının qarşısını almalıyıq. Sülhməramlıların fəaliyyətinə gəlincə, Azərbaycanın Rusiya ilə münasibəti İranla eynilik təşkil edə bilməz. Rusiya Azərbaycanla tam fərqli münasibətə malikdir. Ən azından, Rusiyanın mövqeyində Azərbaycanın xeyrinə elementlər olub. Biz bu elementləri qoruyub saxlamalıyıq. Sadəcə, sülhməramlı qüvvələrin öz üzərinə düşən missiyanı yerinə yetirməsi üçün təsir göstərməliyik. Sülhməramlılar yeni münaqişənin alovlanmasının qarşısını almalıdırlar və biz, onların bu vəzifəni həyata keçirməsi üçün çalışmalıyıq.
ABŞ-ın Ermənistandakı səfiri statusla bağlı açıqlama verdi. Səfirin açıqlaması nəyə hesablanıb?

– Həm yuxarıda sadaladığımız nüanslar, həm də ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması yaxın gələcəkdə münaqişənin alovlanmasına hesablanıb. Bu qüvvələr mümkün münaqişənin fərqli istiqamət almasına çalışırlar. Biz bu halların qarşısını indidən almalıyıq. Bunun üçün Azərbaycanın diplomatik fəaliyyəti ən yüksək səviyyədədir. Azərbaycan Prezidentinin siyasətinin bütün tərəfləri bu istiqamətə hesablanıb. Ümid edirəm ki, biz xoşagəlməz halların qarşısını alıb, bu vəziyyətdən uğurla çıxa biləcəyik.

– Ermənistanın Baş naziri bir neçə gün əvvəl sülh və danışıqlar barədə müsbət mesajlar verdi. Paşinyanın fikirləri nə qədər inandırıcıdır?

– Paşinyanın açıqlamalarına heç bir halda güvənmək lazım deyil. Ermənistan tərəfinin sözü ilə əməli üst-üstə düşmür. Ona görə də, Paşinyanın müsbət görünən fikirlərini səmimi qəbul etmək lazım deyil. Xatırlayırsınızsa, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etdi, lakin sonradan həmin xəritələrin doğruluğu şübhə altına düşdü. Məlum olduğu ki, xəritələrin çox az faizi minalanmış əraziləri doğru əks etdirir. Bu gün Ermənistan hakimiyyətinin ən müxtəlif xoşməramlı bəyanatlarına, cəlbedici sözlərinə inanmaq lazım deyil, onların əməllərinə diqqət etməli, buna uyğun addımlar atmalıyıq.

– Laçında Azərbaycan-Türkiyə birgə təlimlərindən sonra Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının “Üç qardaş-2021” beynəlxalq təlimi başladı. Bu təlimin əhəmiyyəti barədə fikirlərinizi bilmək istəyirik. Birgə təlimlər region dövlətləri üçün hansı mesajları verir?

– Bu, kifayət qədər geniş mövzudur. Konkret olaraq, bildirə bilərəm ki, 44 günlük müharibə dövründə Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini gördük. Həmçinin, bu ölkələrlə hərbi-strateji əməkdaşlıq müqavilələrimiz var. Müharibədən sonrakı dövrdə Türkiyə və Pakistanla münasibətlərimiz daha yüksək səviyyədə qurulmağa başladı. Türkiyə ilə Şuşa bəyannaməsinin, Pakistanla Bakıda bəyannamənin imzalanması siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Üç qardaş ölkənin təlimləri münasibətlərimizin yeni səviyyəsi və göstəricisidir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan, Türkiyə və Pakistanın dünyanı təəccübləndirəcək birgə addımlarının şahidi olacağıq.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »