Gənclərə dəstək olmaq borcumuzdur. – Millət Vəkili Elnur Allahverdiyev

0

“Piriyev Nurlanla ötən ilin avqust ayında tanış olmuşuq. İyul hadisələri baş vermişdi, yeni şəhidlərimiz var idi. Havada müharibə qoxusu hiss olunurdu. Xalq cana doymuşdu, hər kəs düşmənin birdəfəlik dərsini vermək əzmindəydi. Cəbhənin təmas xəttində ermənilərin təxribatlarının sayı artmışdı, dinc yaşayış məntəqələrimiz atəşə tutulur, evlər və təsərrüfatlara ziyan vurulurdu. Ürəyi hərbçilərimizlə döyünən hər bir vətəndaş orduya əlindən gələn yardımı etmək istəyirdi…”

İctimairey.az xəbər verir ki, gənc fədakar Nurlan barəsində bu fikirləri Millət Vəkili Elnur Allahverdiyev öz FB profilində paylaşıb.

Millət Vəkili qeyd edib ki, Nurlan dostları ilə yeni təşəbbüsə start vermişdilər. Bakıdan işlənilmiş rezin təkərlər toplanır və cəbhə xəttinə yollanırdı. Təkər silah deyil, ancaq səngərlərdə əsgərlərimizi ölümdən və xəsarətdən xilas edə bilərdi. Nurlanla o vaxt bu kampaniyanın gedişində tanış olduq, sosial şəbəkələrdə aksiya barədə məlumatlandıqdan sonra Nurlana və dostlarına dəstək vermək qərarına gəldik.
Bir ay sonra – sentyabrın 27-də başlanan Vətən müharibəsinin gedişatında isə bu gənclər daha məsuliyyətli işin altına girdilər: ordumuza müxtəlif təyinatlı yardımlar daşımağa başladılar. Həmin günlərdə Nurlanla yollarımız bir daha kəsişdi…
Müharibədə qələbəni bax belə gənclərimizlə qazandıq.Həm ön, həm də arxa cəbhədə. Onlarla fəxr etməmək olmur!

Nurlanla ötən həftə görüşə bildim. Onu ilk gördüyümdə gözlərim önünə həmin təkərlərlə əhatələnmiş səngərlər gəldi. Görəsən, Nurlan və dostları neçə döyüşçümüzün düşmən gülləsindən xilasının səbəbkarı olublar?

Eşq olsun Ordumuza! Yaşasın gənclərimiz! Qarabağ Azərbaycandır!

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »