Bu günlərdə bütün xəbər saytlarında Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyətinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılması işlərinə start verilməsi barədə yayılan məlumatdan yəqin ki, hər kəsin xəbəri var. Həmin siyasi partiyalardan verilən məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir. Hazırda sözügedən ərazidə yaşıllıq sahəsinin salındığı, təmizlik və abadlıq işlərinin aparıldığı bildirilir.
Siyasi partiyaların rəhbərlərinin ölkə başçısına müraciətinin müsbət cavablandırılması və bu istiqamətdə cari işlərin görülməsi üçün operativ şəkildə göstəriş verilməsi heç şübhəsiz ki, olduqca xoş hadisədir. Biz bunu dövlətin siyasi partiyalara diqqət və qayğısının göstəricisi kimi dəyərləndiririk. Bundan daha öncə isə partiyaların qeydiyyata alınması prosesinin asanlaşdırılmasını, əksər partiyaların dövlət tərəfindən ofis sahəsi ilə təmin edilməsini, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə müntəzəm təmaslar qurmasını, eləcə də ölkədə siyasi dialoq və milli həmrəylik mühitinin dərinləşdirilməsi istiqamətində siyasi partiyalarla əməkdaşlığın genişləndirilməsini demokratik ənənələrin formalaşmasına, siyasi plüralizmə zəmin yaradan addımlar kimi, partiyalara münasibətdə dönüş nöqtəsi kimi qiymətləndirmişdik.
Bu gün isə bir neçə partiyanın mənzil-qərargahının yerləşdiyi ərazinin abadlaşdırılmasına dövlət başçısı səviyyəsində göstəriş verilməsi yeni siyasi konfiqurasiyanın təşəkkülünün davam etdiyini göstərir. Bəli, proses davam edir. Siyasi partiyalar üçün yeni dönəm başlayır. Dövlət-partiya münasibətləri daha sivil, daha rasional-pozitiv müstəviyə keçir. Başqa sözlə desək, biz hazırda ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapmasına, oturuşmasına şahidlik edirik. Əlbəttə, bu çox təqdirəlayiq haldır. Fürsətdən istifadə edib, dövlət başçısına siyasi partiyalara göstərdiyi bu diqqət və qayğıya görə ayrıca təşəkkürlərimizi bildiririk. Ölkəmizin siyasi vitrinində bundan sonra da müsbət dəyişikliklərin davam edəcəyinə ümidvarıq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri