“Budur Rusiya sülhməramlı qüvvələrinin məsuliyyətsizliyi və ikibaşlı oyunu, erməniləri himayə etməsi və separatçıların yanında olması. Bu artıq daha açıq şəkildə özünü ifadə etdi, hər kəsdə mənqiti bir sual yaranır ki, necə ola bilər ki, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidən Ermənistanın silahlı qüvvələrinin tör-töküntüləri Şuşa istiqamətində təxribatlar törədir, mövqelərimizi atəşə tutur və sülhməramlılar bununla bağlı hər hansı bir addım atmır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı ermənilərin Şuşa istiqamətində təxribata cəhd etməsi haqda danışarkən deyib. Milət vəkilinin sözlərinə görə buna görə Rusiya sülhməramlıları açıqlama verməlidir:
“Bu isə olduqca təəccüblüdür və cavabı veriləcək ciddi bir sualdır. Əlbəttə, bu həm də mənə elə gəlir ki, Rusiya sülhməramlı qüvvələrinə erməni separatçılarının vurmuş olduğu ağır zərbədir, onlara yüksək səviyyədə etinasızlıqdır, onları sülhməramlı qüvvə kimi tanımamasıdır və beləliklə bu gələcəkdə intensiv xarakter daşıyan təxribatlarla davam edə bilər. Ona görə də Azərbaycan Silahlı Qüvvələri hər zaman dediyimiz kimi yüksək hazırlıq imkanlarına malikdir və düşmənin təxribatlarının qarşısı vaxtında və lazımı səviyyədə alınıb və düşmən itki verərək geri çəkilib. Mənə elə gəlir ki, bundan sonra düşünmək lazımdır ki, 2020-ci ilin noyabr ayında bağlanmış olan bəyanata uyğun olaraq Rusiya Federasiyasının xüsusi təzyiqi ilə sülhməramlıların müvəqqəti yerləşmiş olduğu Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin tör-töküntüləri dərhal tərksilah olunub ərazidən çıxarılmalıdır və müqavimət göstərənlər isə ya həsb edilməli, ya da yerində məhv edilməlidir. Bunun artıq başqa variantı görünmür. Ona görə də mənə belə gəlir ki, əgər bu cür təxribatlar davam edərsə, Azərbaycan Silahlı Qüvvələri anti-terror əməliyyatı aparmaq məcburiyyətində qalacaq və əlbəttə, nə Ermənistan, nə də onları himayə edən qüvvələrin bununla bağlı Azərbaycana qarşı xoşagəlməz fikir ifadə etməyə haqları çatmayacaq.
Bu baxımdan mən həm də Silahlı Qüvvələrimizin əsgərlərini alqışlayıram, onlara can sağlığı arzu edirəm. Tamamailə əminəm ki, bizim qəhrəman övladlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da torpaqlarımızın riyakar düşməndən təmizlənməsi prosesində özünün sayıqlığını və peşəkarlığını nümayiş etdirəcəkdir”.
İctimairey.az