SALYAN RAYONU İLƏ ƏFQANISTANI BİR-BİRİNƏ NƏ BAĞLAYIR?

0

2021-ci il avqustun 15-də Taliban hərəkatı Kabil şəhərini ələ keçirdikdən sonra dünya ictimaiyyətinin diqqəti Əfqanıstana yönəldi. O cümlədən, Azərbaycan vətəndaşları Əfqanıstanda cərəyan edən hadisələrə biganə qalmadılar. Bunun da müəyyən səbəbləri var:

• Əfqanıstan coğrafi baxımdan Azərbaycan üçün çox da uzaq ölkə deyil;

• Əfqanıstan milyonlarla soydaşımızın yaşadığı İranla həmsərhəddir;

• Əfqanıstan Azərbaycanın strateji müttəfiqi Pakistanın qonşusudur;

• Əsrlər boyunca Əfqanıstan yüz minlərlə azərbaycanlının da vətəni olmuşdur və vətənidir;

• Əfqanıstanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrin kökü çox qədim zamanlara gedib çıxır;

• Əfqanıstanın coğrafi mövqeyi bölgənin gələcək taleyi baxımından həlledici rola malikdir.

Qeyd olunanlar kifayət qədər ciddi və diqqətəlayiq məsələlərdir. Lakin bu yazını qələmə almağımızın səbəbi başqadır. Bir neçə gün əvvəl sosial şəbəkədə zarafat xarakterli bir paylaşım edilmiş, Talibanın hazırki lideri Mövləvi Heybətullah Axundzadənin (1961) əslən, guya Salyan rayonunun Xələc kəndindən olduğu göstərilmişdir. Bəri başdan qeyd edək ki, həmin yazının naməlum müəllifi, çox güman ki, tarixçi, yaxud tarixlə maraqlanan şəxsdir. Amma hədəfdən bir qədər yayınmışdır.

Bu barədə az sonra…

Məsələ bundadır ki, Talibanın digər rəhbərləri kimi Mövləvi Heybətullah Axundzadə də puştundur. Puştunlar Əfqanıstanın əsas xalqıdır. Bu xalq bir neçə böyük qəbilədən ibarətdir. Ən iri puştun tayfası dürrani adlanır. Əfqanıstan dövlətçiliyinin əsasını 1747-ci ildə Nadir şah Əfşarın (1698–1747) sərkərdəsi, dürrani tayfasından olan Əhməd şah Abdalı (1722–1772) qoymuşdur. Həmin ilədək bu tayfanın adı abdalı idi. Ehtimala görə, abdalılar qədim eftalitlərin törəmələridir.

Əski mənbələrdə eftalitlərin adı hepftallar, yeoptallar, ağ hunlar, hunlar, hionit hunları kimi keçir. Tədqiqatçıların əksəriyyətinin fikrincə, ağ hunlar türkdilli olmuşlar. Amma onları monqoldilli, yaxud irandilli hesab edənlər də vardır. Bəzi tarixçilər isə güman edirlər ki, eftalit tayfa ittifaqına həm türkdilli, həm monqoldilli, həm də irandilli tayfalar qoşulmuşdular. Bəllidir ki, eftalitlər 450-ci ildə Orta Asiyada və Əfqanıstanda nəhəng bir imperiya qurmuşdular. 563-cü ildə həmin dövləti indiki Monqolustandan gəlmiş göytürklər darmadağın etmişdilər.

Hesab olunur ki, puştunların abdalı tayfası ilə yanaşı, türkmənlərin məşhur abdalı tayfası da eftalitlərin törəməsidir. Bugün türkmən abdalıları (özlərinə apdal deyirlər) əsasən Stavropol diyarında və Həştərxanda yaşayırlar.

Haşiyə, Abdallar (Laçın qəsəbəsinin qədim adı) – Abdaldağ (Zəngəzurda dağ) – Abdallar (Xocavənddə qışlaq) – Abdal (Ordubad rayonunda dağ) – Abdallı (Borçalıda kənd) – Abdal (Ağdam rayonunda kənd) – Abdal (Tovuz rayonunda dağ və çay) – Abdallı (Oğuz rayonunda kənd) – Abdallar-Ulya, Abdaloğlu (Qərbi Azərbaycanda kəndlər) – Avdal (Tovuz rayonunda kənd) – Avdalar (Qərbi Azərbaycanda kənd) – Boz Abdal (Qərbi Azərbaycanda dağ) – Abdal (Krımda tatar kəndi).

Ehtimala əsasən, sadaladığımız yer adlarının əksəriyyəti eftalit etnoniminin müxtəlif formalarıdır. VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərində bu tayfanın adı heptal şəklindədir.

Qeyd: Tarixi mənbələrə görə, abdal tayfasının bir qolu XVI əsrin əvvəllərində Qarabağdan indiki Salyan rayonuna köçmüş və orada Qarabağlı kəndini salmışdır. Puştunların abdal tayfasının ən böyük qruplarından biri sarbani adlanır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, bu qəbilənin mənşəyi bilavasitə eftalitlərə və qədim sakalara bağlıdır.

Haşiyə, Sarvan (Salyan və Şabran rayonlarında iki kənd) – Sarvan (Borçalı şəhərinin köhnə adı və Borçalı mahalında kənd) – Sarvanlar (Ağcabədi rayonunda və Qərbi Azərbaycanın Zəngibasar mahalında iki kənd, Naxçıvanda məhəllə) – Sarban-e Damuyi (İranın Sistan və Bəlucistan ostanında kənd). Qeyd. X əsr müəllifi əl-Məsudi yazır ki, “Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşayır”.

Taliban liderlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən, Mövləvi Muhəmməd Axundzadədən sonra bu hərəkatın ikinci əsas rəhbəri sayılan Molla Əbdulqəni Bəradər (1968) puştunların abdalı tayfasındadır. Abdalılar Əfqanıstanda və Pakistanda məskunlaşmışlar. Azərbaycanın abdal tayfasının bir qolu Salyanın Qarabağlar kəndində yaşasa da, bu kəndlə həmin rayonun Xələc kəndi arasında birbaşa bağlılıq yoxdur. Məhz bunu nəzərdə tutaraq əvvəldə qeyd etdik ki, zarafat xarakterli paylaşımın müəllifi hədəfdən bir qədər yayınmışdır.

Ümumiyyətlə isə, qədim abdallar və qədim xələclər ayrı-ayrı tayfalar, yaxud xalqlardır. Amma gəlin nəticə çıxarmağa tələsməyək. Puştunların ikinci böyük tayfasının adı gilzaydır. Yeri gəlmişkən, Əfqanıstanın qərbpərəst sonuncu prezidenti Əşrəf Qəni Əhmədzay (1949) gilzay tayfasındandır. Taliblərin (abdalıların) hücumu nəticəsində süquta uğramış hökumət də əsasən gilzaylardan təşkil edilmişdi.

Maraqlıdır ki, Əfqanıstanın oyuncaq kommunist rejiminin rəhbərləri – Nur Muhəmməd Tərəki (1917–1979), Həfizullah Əmin (1929–1979), Bəbrək Karməl (1929–1996) və Muhəmməd Nəcibullah (1947–1996) da gilzay tayfasından idilər. Həmçinin, sovet işğalına qarşı müqavimət hərəkatının liderlərindən biri olmuş Gülbəddin Hikmətyar (1947) və Talibanın qurucusu, bu hərəkatın ilk rəhbəri Molla Muhəmməd Ömər (1960–2013) də gilzay tayfasının nümayəndələridir. Gilzay bu etnonimin qərb dillərindəki yazılış formasıdır. Gilzaylar özləri isə onu ğilci şəklində tələffüz edirlər.

Puştun ğilciləri XIV–XVI əsrlərədək türk dilinin xələc ləhcəsində danışmışlar. Sonra onların tam assimilyasiyası baş vermiş, Əfqanıstanda yaşayan xələclər hamılıqla puştu dilinə keçmişlər. Qeyd etmək lazımdır ki, Hindistanda xələc türklərinə xilci deyirdilər. Haşiyə. Xələc (Salyan rayonunda üç kənd) – Xələc (Qubadlı, Şərur, Ucar rayonlarında və Zəngəzurda dörd kənd) – Xələc (İranda dörd kənd) – Xələc (Türkmənistanda inzibati-ərazi vahidi) – Xələclər (1290-cı ildən 1320-ci ilədək Hindistanı idarə etmiş türk sülaləsi) – xələc (Əfqanıstanda və Pakistanda yaşamış türk xalqı) – xələc (bugün İranda yaşayan kiçik türk tayfası).

Qeyd: Əfqanıstanın Oğuz xələc türkləri orta əsrlərin ən döyüşkən və sərt xalqlarından biri sayılırdılar. Xələclərin həyatı müharibələrdə, arasıkəsilməyən basqın və döyüşlərdə keçirdi. Onlar soyuğa, istiyə, aclığa, susuzluğa dözümlü idilər. Ciddi və intizamlı döyüşçülər kimi tanınırdılar. Xələclər monqollara çox şiddətli müqavimət göstərmiş və sonda qalib gəlmişdilər.

Yeri gəlmişkən, XIX əsrdə (1838–1842) Əfqanıstana soxulmuş Böyük Britaniya ordusunu da, faktiki olaraq, xələclərin (xilcilərin) törəmələri – ğilcilər məğlub etmişdilər. Bəzi salnaməçilərin ehtimalına görə, xələc sözü “qal ac” mənasını verir. Digər tarixçilər isə bu fikirdədirlər ki, o, əslində, “qılınc” sözüdür. 1722-ci il oktyabrın 23-də qızılbaşlara qarşı qiyam qaldırmış əfqan ğilciləri (assimilyasiyaya uğramış xələc türkləri – oğuzlar) İsfahan şəhərini ələ keçirdilər. Bu məşum hadisə Azərbaycan Səfəvilər imperiyasının süqutuna səbəb oldu. 1729-cu il sentyabrın 24-də şanlı sərkərdə Nadir şah Əfşar Şiraz yaxınlığında baş vermiş Zərgan döyüşündə ğilciləri darmadağın etdi. Bəhsimizi burada yekunlaşdıra bilərdik.

Amma daha bir maraqlı faktı oxucu ilə bölüşmək istədik. XVIII əsr salnaməçilərindən biri yazır: “Əfqan tayfasının əsli Qafqazdan – Alan ölkəsindəndir. Onlar mənşəcə aqvandırlar (albanlardır). Bugünədək öz adlarını daşıyırlar. Əvvəllər xristian olublar. Sonra Əmir Teymur onları özünə tabe edib 25 tüstü sayında (yəqin ki, 25 ailəni və ya nəsli Əfqanıstana) köçürdü. Orada həmin aqvanlar İslam dinini qəbul etdilər və artıb-çoxaldılar”. Bu məlumatla bağlı aşağıdakıları qeyd edə bilərik:

Məlumdur ki, puştunların ən iri qollarından biri sarbani adlanır. O da bəllidir ki, orta əsrlərdə Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşamışdır.

• Nəzərə almaq lazımdır ki, əfqan bu xalqın ekzoetnonimidir, yəni qonşu xalqların onlara qoyduğu addır. Əfqanlar özlərini pəştun və ya pəxtun adlandırırlar. Əfqan adı isə ilk dəfə VI əsrə aid hind mənbəyində avaqan formasında xatırlanmışdır.

• Maraqlıdır ki, qədim eftalitlər arasında xristianlığın nestorian məzhəbi yayılmışdı. Eftalitlərin öz yepiskopu da var idi. Sasanilərlə apardıqları müharibələri isə xristian–zərdüşti qarşıdurması hesab edirdilər. • 1395-ci ilin payızında Əmir Teymur Alan ölkəsinə böyük yürüş təşkil etmiş, bundan sonra alan xalqı tarixin səhnəsindən tədricən itmişdir.

• İyirmi beş ailə və ya nəsil üç əsr ərzində böyük bir xalqa çevrilə bilərdimi? Məlumatın doğruluq dərəcəsi barədə mühakiməni qoy oxucu özü yürütsün…

P.S. Puştunlar qəbiləyə qövm deyirlər. Qövmə xan rəhbərlik edir. Hər bir qövm nəsillərə bölünür. Nəsil xel adlanır. Nəslin başçısı məlikdir. Hər bir nəsil ailələrdən ibarətdir. Ailənin böyüyü spinjiray (spin–ağ, jiray–saqqal), yəni ağsaqqaldır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

 217 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »