“ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİN ADINDAN İSTİFADƏ ETMƏK ƏXLAQSIZLIQDIR” – BU ADAMLARLA NECƏ MÜBARİZƏ APARAQ?
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin gücünü bütün dünya gördü.
Bu qələbənin memarları şəhidlərimiz və qazilərimizdir ki, cəmiyyət olaraq biz onlara daim minnətdar olmalıyıq. Ancaq son illər Azərbaycanda qazi və şəhid ailələrinin adlarından istifadə edərək müxtəlif yollara əl atanlara rast gəlmək mümkündür. Dövlətin qazilərə və şəhid ailələrə tanıdığı imtiyazları bilən və xalqın bu insanlara qarşı həssaslığını anlayan bir sıra dələduzlar qazi və şəhid ailələrinin adlndan istifadə edir, bu adlarla pullar toplayırlar.
Bu insanları tanımaq üçün “google”da “saxta qazilər” yazmaq və çıxan nəticələrə baxmaq kifayətdir. Bəs, biz gerçək qazilərlə saxta qaziləri, gerçək şəhid ailələri ilə bu addan istifadə edən dələduzları necə ayırd edə bilərik? Bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin Hüquqi Siyasət və Dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı bu cür şəxslərə qarşı çox sərt və hüquqi addımların atılmalı olduğunu deyir: “Şəhid ailələrinin, qazilərin hər birinə bizim rəğbətimiz, hörmətimiz var. Ayrı-ayrı adamlar pul qazanmaq üçün bu müqəddəs addan istifadə edirlər. Onlara qarşı çox sərt, hüquqi addım atılmalıdır. Belə hallar baş verərsə, bu cür insanlara heç bir halda güzəşt etmək olmaz. Elə adlar, elə statuslar var ki, müqəddəsdir, onu gəlir mənbəyinə çevirmək olmaz. Məhz şəhid ailələri və qazilər bu qrupdan olanlardır. Bu cür fırıldaq əməllərə əl atanlar qanun qarşısında çox sərt şəkildə cəzalandırılmalıdır”.
İctimairey.az