Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın bu günlərdə Moskvada Rusiya XİN-in başçısı Sergey Lavrovla görüşündən sonra “RİA Novosti” agentliyinə müsahibəsində səsləndirdiyi bir sıra absurd və təhrikçi fikirlər bir daha onu göstərir ki, bu ölkənin kilsəsi kimi diplomatiya qurumu – Xarici İşlər Nazirliyi də rəsmən şər yuvasıdır və nazirlər dəyişsə də, Ermənistanın xarici siyasətindəki şər mövqeyi əsla dəyişmir.
2018-ci ildən bəri Nikol Paşinyanın komandasında yer tutmuş üç xarici işlər nazirinin üçünün də – Zöhrab Mnasakanyan, Ara Ayvazyan və Ararat Mirzoyanın da ritorikası və mövqeyi eynidir. Onlar sözdə “sülh”dən dəm vursalar da, lakin əsl həqiqətdə isə destruktiv-davakar mövqe tutur, öz provokativ açıqlamaları ilə sanki odun üstünə benzin tökməyə, onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Ararat Mirzoyanın sözügedən müsahibəsində Ermənistanın daim “Artsax xalqı”nın öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsinə kömək edəcəyi barədə söylədiyi sərsəm fikir də bu qəbildəndir. Onun bu açıqlaması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində açıq-aşkar separatçılığın qızışdırılmasına xidmət edir. Bu bir revanşist, təxribatçı açıqlamadır.
Mirzoyanın bu açıqlaması onu göstərdi ki, Ermənistanın yeni xarici işlər nazirinin qeyri-davakar, liberal mövqe tutacağına, regionda “sülh, sabitlik və təhlükəsizlik” prinsiplərindən çıxış edəcəyinə qətiyyən ümid bəsləməyə dəyməz. Deməli, bu ölkənin yaxın gələcəkdə təcavüzkar-revanşist siyasətini davam etdirəcəyi məlum olur. Ancaq Paşinyan və komandası bilməlidir ki, onların bu cür təhrikçi və qızışdırıcı ritorikası atəşkəsin pozulmasına, anti-terror əməliyyatının başlanmasına və bu dəfə “Dəmir Yumruğ”umuzun onların başlarını həmişəlik əzməsinə gətirib çıxara bilər.
“Sorosun uşaqları”ndan biri sayılan A.Mirzoyan unutmamalıdır ki, indi bölgədə şərtləri İrəvan yox, Bakı diktə edir və Ermənistan 10 noyabrda Rusiya və Azərbaycanla birgə imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə hörmətlə yanaşmağa, bu şərtləri qeydsiz-şərtsiz yerinə yetirməyə məcburdur. Ermənistanın başqa alternativi yoxdur. Odur ki, Ermənistan tərəfi revanşist bəyanatlara, təhrikçi davranışlarına və saxta sülhhpərvərliyinə son qoyub, konstruktiv mövqe tutmalı, real sülh istiqamətində qəti addımlar atmalıdır. İrəvanın sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubatması və gərginliyin artmasında maraqlı olması sonda Ermənistanın özü üçün növbəti fəlakətlərlə nəticələnə bilər.
Paşinyan və onun naşı xarici işlər naziri bu cür revanşist ritorika ilə nə daxili, nə də xarici siyasətdə heç bir uğur qazana bilməz. Ermənistanın xilası revanşist ritorikada və qeyri-səmimi “sülh” bəyanatlarında deyil. Bu gün Ermənistanı idarə edənlər düşdükləri “dalan” vəziyyətindən çıxmaq istəyirlərsə, bundan sonra açıqlamalarında ehtiyatlı olmalı və rəsmi Bakının real sülh çağırışlarına müsbət cavab verməlidirlər. Əks təqdirdə, bir müddətdən sonra Ararat Mirzoyanın da Ara Ayvazyan kimi biabırçı şəkildə aradan çıxdığının şahidi olacayıq. Paşinyanı isə daha təhlükəli aqibət gözləyə bilər.
İctimairey.az