Avropada təbii qazın qiyməti növbəti dəfə maksimum səviyyəyə yüksəlib. Qazın min kubmetrinin dəyəri 600 dollara çatıb.
İctimairey.Az bildririr ki, qazın qiymətində artım son aylarda davamlı hal alıb.
Bəs, qazın bahalaşmasına təsir edən səbəblər nədir?
Qaz qiymətlərində baş verən dəyişikliklər və buna təsir edən amillərlə bağlı Sfera.az saytına danışan energetika sahəsi üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, bahalaşmaya 3 qrup amil səbəb olub:
“Hazırda 3 istiqamət üzrə qaza olan tələbatı ödəmək lazımdır. Birincisi, qış mövsümünə hazırlıq məqsədilə yeraltı qaz anbarları doldurulmalıdır, ikincisi, havaların isti keçməsi ilə əlaqədar istilik elektrik stansiyalarını xammalla təmin etmək lazımdır, üçüncüsü, sənaye, kommunal və eyni zamanda əhali sektorunun qaza olan tələbatı ödənilməlidir. Bu səbəblərdən tələbat artdığından qiymətlər də yüksəlir.
Hazırda Avropada elə vəziyyət yaranıb ki, bir tərəfdən qaza olan gündəlik tələbat qarşılanmalıdır, digər tərəfdən qış mövsümünün gəlişi ilə bağlı yeraltı qaz anbarlarına layihə gücünün 92 faizi qədərində qaz vurulmalıdır. Qaz anbarlarından 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral ayının sonuna kimi Avropada anomal soyuq hava şəraiti ilə əlaqədar 60 milyard kub metrdən çox qaz götürülmüşdü. İndi anbarlarda qazla doluluq səviyyəsi aşağıdır.
Yayda havaların normadan artıq isti keçməsi müşahidə edilir. Bu vəziyyət də istilik elektrik stansiyalarında qaza tələbatı artırıb.
Eyni zamanda xüsusi karantin rejiminin yumşaldılması dünyada iqtisadi aktivliyi yüksəldib və bu qaza olan tələbə müsbət təsir göstərib”.
Z.Vəliyev hesab edir ki, qazın qiyməti sadəcə cari vəziyyətlə əlaqədar yüksəlmir. Onun fikrincə, uzunmüddətli dövrdə də qaza tələbat yüksək olacaq və bu səbəbdən dünyada aşağı qaz qiymətlərinə daha rast gəlməyəcəyik:
“2014-cü ildən dünya bazarında neft qiymətlərinin aşağı düşməsindən sonra, eyni zamanda neft-qaz bazarlarında uzun müddət qeyri-sabit vəziyyətin olması səbəbindən, aparıcı neft-qaz şirkətlərinin bu sektora investisiyaları kifayət qədər azalıb. Ona görə də qarşıdakı illərdə dünyanın qaza olan tələbatını ödəmək asan olmayacaq.
Dünyada yeni iqlim şərtləri ilə əlaqədar yeni enerji sisteminə keçid prosesi gedir. Ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə keçid ərəfəsində təbii qaz aralıq yanacaq rolunu oynayacaq. Bu dəyişiklik də qaza tələbatı artırır.
Tələbatı artacağından qarşıdakı aylarda və illərdə təbii qazın qiymətində ciddi eniş müşahidə etməyəcəyik”.
\\Sfera.az\\