Vaksin olunmaq üçün uzun növbələr yaranıb, “Mall”lar peyvənd pasportunu yoxlamağı mühafizəçilərə tapşırıb, kafe-restoranlar isə indidən “qan ağlayır” ki, qərar sərt karantinin bir növüdür…
Sovet dönəmində 1 sentyabr çox böyük həyəcanla gözlənilirdi. Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlər və məktəblilər hazırlıq görürdülər. Şagirdlər üçün çantalar, geyimlər, ayaqqabılar, dəftər-qələm, karandaş alınırdı, ailələr üçün xərc yükü olsa da, məktəblilərdə bir bayram sevinci olurdu. İndi isə 1 sentyabr təqvimi bir başqa asossiyasiya yaradır. Çünki nə yeni tədris ili başlanır, nə bayram əhval-ruhiyyəsi var. Əksinə, ajiotaj, izdiham, növbələr, qaçaqaç müşahidə olunur. Səbəb bu tarixdən ölkə ərazisində bütün ticarət mərkəzlərinə, kafe-restoranlara giriş-çıxışın məhdudlaşdırılmasıdır.
Əgər kimsə “COVİD19” vaksini olmasa, sözügedən obyektlərə daxil olması mümksünsüzləşəcək. Buna dolayısı ilə sərt karantinin bir metodu da demək olar. Çünki vaksin olmayan şəxs demək olar heç yerə girə bilməyəcək. Yalnız kiçik ticarət məntəqələrinə, məhəllə marketlərinə vaksin pasportu olmadan girişə icazə verilir. Hətta Daxili İşlər Nazirliyi avqustun 26-da məlumat yayıb ki, mülki geyimli polis əməkdaşları da xidmətə cəlb olunub. Yəni cərimə olunmaq istəməyən mütləq vaksin olmalıdır. Ona görə hazırda poliklinikalarda uzun növbələr yaranıb, onlayn növbə götürmək çətinləşib.
Eyni zamanda, şəhərdəki iri ticarət mərkəzləri, kafe-restoranlar də hazırlıq görməkdədirlər. Onlar özləri gələn müştəriləri yoxlamalıdırlar. Əgər vaksini olmayan şəxs içəri buraxılsa, həm sahibkar, həm müştəri cərimələnə bilər. Ticarət mərkəzləri girişdə mühafizəçilər tərəfindən vətəndaşların vaksin pasportu olub-olmadığını yoxlayacaqlar. Restoranlar da eyni qaydada giriş qapısında bir nəfər saxlamaqla müştərilərdən vaksin sənədi tələb edəcək. Ancaq kafe sahibləri deyirlər ki, vaksin pasportu tələbi onların işinə təsir edəcək. İstər-istəməz vaksin olmayanlar kafe-restoranlara etməyə risk etməyəcəklər.
Hazırda bu məhdudiyyətlərin olacağı səbəbdən peyvənd prosesində böyük ajiotaj yaşanır. Növbə gözləyən vətəndaşlar gözləməkdən giley-güzar edirlər, poliklinikalarda tibbi işçiləri isə axının olduğunu səbəb göstərirlər. Lakin heç də 1 sentyabra qədər bütün əhalini peyvəndləmək mümkün olmayacaq. Hətta deputat Rəşad Mahmudov da bildirmişdi ki, payıza qədər əhalinin 60 faizi belə vaksin olmayacaq. Bununla belə, insanlar tələsirlər, irəlidə cəmi 4-5 gün qalıb. Müşahidələrimizə əsasən, onu da söyləmək olar ki, insanlar arasında son günlər yoluxmaların kəskin artım dinamikasından qorxaraq açıq havada tibbi maska taxanların olduğunu görmək mümkündür. Halbuki açıq havada maska məcburiyyəti aradan qaldırılıb. Söhbətləşdiyimiz insanlar bunu risklə izah edirlər. Onların sözlərinə görə, açıq havada maska tələbi olmaya bilər, amma heç kəs zəmanət vermir ki, yanınan keçən şəxs virus daşıyıcısı deyil. O mənada qabaqlayıcı tədbir görürlər.
“Hazırda COVİD-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov belə deyib. O əlavə edib ki, sentyabrın ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq. İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyindən isə bildirilib ki, bəzi vətəndaşların vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət etmələri sıxlığa səbəb olur. Məlumata görə, tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən şəxsləri hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar:
“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, peyvənd olunmaq üçün sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə müvafiq poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün köməklik göstərilir”.
Xatırladaq ki, Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən “COVID-19” pasportu tələb olunacaq. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin “COVID-19”-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlayıb ki, koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərin payına düşür.
Mənbə: “Yeni Müsavat”