Ermənistan prezidenti Armen Sarkisyan Zəngazurda “Xüsusi Korpus”un yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, xüsusi korpusun komandanı postuna general-mayor Artak Budaqyan təyin olunub.
Xüsusi korpus Ermənistan Müdafiə Nazirliyinin Zəngəzurdakı 1-ci korpusu ilə 4-cü korpusun bəzi hərbi hissələrinin birləşməsindən ibarət olacaq.
A.Budaqyan 2019-cu ilin dekabrında 4-cü korpusun komandiri təyin edilmişdi. Həmin dönəmdə polkovnik olan A.Budaqyan 1-ci korpusun alay komandiri olduğu vaxt, Azərbaycanın işğal altındakı Əsgəran rayonunda narkoplantasiyalara nəzarət edir, narkoticarətlə məşğul olurdu.
O vaxt Ermənistan prezidenti Serj Sarqsyan və Qarabağdakı separatçıların həmin dövrdəki lideri Bako Saakyanın rəhbərlik etdikləri narkoşəbəkəyə Budaqyandan savayı Zəngəzurun sabiq qubernatoru Suren Xaçatryan və oğlu Tiqran Xaçatryan, habelə Artak Budaqyanın kiçik qardaşı, Gorus meri postuna sabiq namizəd Avetik Budaqyan da daxil idilər.
Narkoşəbəkə 2013-cü ilin iyunun 2-də ifşa olunmuşdu. Suren Xaçatryanın villasının həkətindəki atışmada Avetik Budaqyan güllələnərək qətlə yetirilmiş, Artak Budaqyan isə ağır yaralanmışdı.
Tiqran Xaçatryan və onun cangüdəni Zarzand Nikoqosyan isə həbs edilmişdilər.
O dönəmdə polkovnik olan A.Budaqyan insan həyatına ağır xəsarətlər törətməkdə suçlansa da, müdafiə naziri Seyran Ohanyanla Bako Saakyanın müdaxiləsi nəticəsində həbsdən yayınmışdı.
Cinayət işi də qapadılmışdı.
Alay komandiri olan zaman Artak Budaqyan 2012-ci ildə müqavilə əsasında hərbi xidmətdə olan Armine Martirosyana təcavüz etmişdi.
Martirosyanın şikayətindən sonra Artak Budaqyan vəzifəsindən kənarlaşdırılsa da, sonradan əlaqələrini işə salaraq yenidən alay komandiri olmuşdu. \\milli.az\\