Biz son vaxtlar ABŞ və Fransanın Ermənistandakı səfirlərinin diplomatik normaların çərçivələrindən kənara çıxan hərəkətlərinə və açıqlamalarına bir növ öyrəncəli olmuşuq. Hərdənbir İran səfiri də onlara qoşulur. Bir sözlə, hazırda İrəvandakı bəzi əcnəbi səfirlər sanki öz ölkələrinin deyil, Ermənistanın səfiri və ya sözçüsü kimi çıxış edirlər. Odur ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Qarabağla bağlı növbəti dəfə təxribatçı açıqlama ilə çıxış etməsinə də əsla təəccüblənməməliyik. Amerikalı səfir hazırda necə deyərlər, “erməni saatı” ilə işləyir və bu səbəbdən Ermənistanın maraqlarını ingilis dilində bəyan edir.
Linn Treysi reallıq hissini itirdiyinə və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə heç cürə barışa bilmədiyinə görə iddia edir ki, Qarabağ münaqişəsi həllini tapmayıb, Dağlıq Qarabağın statusu hələ müəyyən edilməyib, müharibənin nəticələri aradan qaldırılmayıb və sair. O həmçinin qeyd edib ki, “Minsk qrupunun həmsədri olaraq fəaliyyətimizi davam etdirəcəyik”. Amerikalı diplomatın bu açıqlaması ənənəvi demaqogiyadan başqa bir şey deyil. 10 noyabr üçtərəfli razılaşmasının nəticəsində “oyundankənar” vəziyyətə düşən Birləşmiş Ştatlar bölgədəki maraqlarından tamamilə məhrum olmamaq üçün “saman çöpü”ndən (Minsk Qrupundan) yapışır və eyni zamanda Ermənistanı növbəti dəfə öz geosiyasi oyunları üçün alətə çevirir.
Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün ölkə parlamentində çıxışı zamanı “Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir” tipli bəyanatla çıxış etməsi də ABŞ səfirinin dünənki açıqlamasının davamıdır. Xətt eyni xəttdir. Yəni ki, Paşinyanın Minsk Qrupunu gündəmə gətirməsi Linn Treysi ilə razılaşdırılıb. Treysi isə öz növbəsində bu direktivləri birbaşa ABŞ Dövlət Departamentindən alır. Bu isə bir daha onu göstərir ki, Kreml rəhbərinin qarşısında tez-tez reveranslar edən və strateji müttəfiqlikdən dəm vuran Nikol Paşinyan, eyni zamanda ABŞ Dövlət Departamentinin “dirijor çubuğu” ilə idarə olunur. Ona görə də ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin erməni jurnalistlərlə söhbət zamanı “Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” fikrini əslində birbaşa ABŞ-ın hazırkı administrasiyasının mövqeyi kimi qəbul etməliyik.
Əlbəttə, biz ABŞ-ın belə bir destruktiv mövqe sərgiləməsinə təəssüf edirik. Lakin onu da qeyd etməliyik ki, hazırda ABŞ-ın hansı mövqe tutması rəsmi Bakını əsla narahat etmir. Çünki Vaşinqton bölgədəki proseslərə təsir imkan imkanlarını tamamilə itirib. İndi ABŞ-ın sözü və mövqeyi heç nəyi həll etmir. Odur ki, Linn Treysi ermənilərin xoşuna gəlmək, onların simpatiyasını qazanmaq üçün bu cür mənasız “şou”larını, təhrikçi açıqlamalarını davam etdirmək istəyirsə, buyursun eləsin. Treysi kimilərin ermənipərəst mövqeyi amerikan diplomatiyasının çürüdüyünü, aşındığını göstərir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri