Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Üçtərəfli İşçi Qrupun fəaliyyətini yenidən bərpa ediblər.
Rusiya hökumətinin rəsmi saytında yerləşdirilən xəbərə görə, avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
İctimai Rəy xəbər verir ki, məsələ ilə bağlı Kaspi qəzetinin əməkdaşları mütəxəssislərin rəylərini öyrəniblər.
Ermənistan ciddi təzyiq altındadır:
Rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesinin başa çatdırılmasının, həmçinin kommunikasiyaların açılmasının tərəfdarıdır. Bəs Rusiya və Ermənistan necə, kommunikasiyaların açılmasına, əlaqələrin bərpasına səmimi şəkildə maraq göstərirlərmi? Ümumiyyətlə, Qarabağ üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətindən müsbət addımlar, konkret qərarlar gözləmək olarmı?
Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən politoloq Fikrət Sadıxov bildirib ki, bu danışıqların başlamasına Ermənistan məcbur edilib:
“Reallıq bundan ibarətdir ki, Ermənistanı müttəfiqi Rusiya bu danışıqlara başlamağa məcbur edib. Rusiya İşçi Qrupun tərkibində yer alıb. Onun Cənubi Qafqaz regionunda öz maraqları var. Məhz bu səbəbdən Paşinyan hökumətinə rəsmi Moskva tərəfindən təzyiqlər göstərilib. Paralel olaraq Azərbaycan da öz milli-dövlətçilik maraqlarından çıxış edərək müxtəlif vasitələrlə Ermənistana təzyiq göstərib. Dolayısı ilə onları başa salmışıq ki, sərhəddəki bütün təxribatlar heç bir nəticə verməyəcək. Bu, məsələnin bir tərəfidir”.
İrəvan addım atmaq məcburiyyətində qalıb:
Politoloq deyib ki, bütün təzyiqlərə rəğmən, Ermənistanın qısa zamanda müqaviləyə imza atması inandırıcı deyil:
“Ermənistanı delimitasiya məsələləri, sülh sazişini imzalamaq kimi ciddi qərarların qəbul edilməsi qorxudur. Onlar başa düşürlər ki, hazırda da işğal altında saxladıqları bir çox ərazilər Azərbaycana qaytarılmalıdır. İndiyə qədər mövcud olan bütün coğrafi xəritələr bunu təsdiq edir. Çar və sovet Rusiyası dövrünün xəritələri deyilənlərə əyani misaldır. Hətta Ermənistan dövlətinin yerləşdiyi ərazi də tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan delimitasiyaya getsə, sülh müqaviləsi imzalasa, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, ərazi bütövlüyümüzə hörmət etməlidir. Ona görə də, sərhəddə təxribatlar törədilir, delimitasiya prosesi süni şəkildə yubadılır. O ki qaldı kommunikasiyaların bərpasına, burada da Ermənistan hansısa addım atmaq məcburiyyətindədir. Bu onlara Rusiya və Azərbaycan tərəfindən ediləcək təzyiqin dərəcəsindən asılı olacaq. Bununla yanaşı, Ermənistanda da başa düşməyə başlayırlar ki, reallıqla barışmalı, iqtisadi tənəzzülü aradan qaldırmaq üçün ciddi qərarlar qəbul edilməlidir. Özlərini bu regiondan təcrid etməklə heç nəyə nail ola bilməyəcəklər. Ermənistan iqtisadi, siyasi, sosial vəziyyət baxımdan dalana dirənib. Bundan yeganə çıxış yolu kommunikasiyaların açılması, əlaqələrin qurulması, regiona inteqrasiyadır. Şübhə etmirəm ki, hətta buna getsələr belə, burada da müəyyən problemlər yaradacaqlar. Proseslərin inkişafından çox şey asılıdır”.
Avropa alternativ marşrutların yaranmasında maraqlıdır:
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da hesab edir ki, Cənubi Qafqaz həssas bölgədir və bu bölgənin inkişafı, bütövlükdə dayanıqlı sülhün formalaşması üçün kommunikasiyaların bərpası olduqca vacibdir. Onun sözlərinə görə, bu, paralel olaraq aparılmalıdır və kommunikasiyaların açılmasında prioritetlərdən biri Zəngəzur dəhlizidir:
“Nəzərə almaq lazımdır ki, bu dəhliz təkcə Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda region üçün çox vacib bir layihədir. Geniş anlamda isə Avropa İttifaqı və regionda marağı olan digər ölkə və ittifaqlar üçün də faydalı hesab olunur. Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, Avropa Birliyinin bu yolla Asiyaya daha çox yük daşıması təmin ediləcək. Nəticə etibarilə bu dəhliz yalnız Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirmək mənasına gəlmir, həmçinin bütövlükdə qitədə daşınan yüklərin həcminin artmasına imkan verəcək. Xüsusən, Süveyş kanalında baş vermiş hadisədən sonra Avropa alternativ marşrutların yaranmasında maraqlıdır”.
Uzunmüddətli tənəzzüldən yeganə çıxış yolu:
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də böyük perspektiv vəd edir:
“Bu dəhlizdən Rusiya, İran və Türkiyə də istifadə edəcək. Bunun sayəsində Rusiyadan Ermənistana daşınan yüklərin həcmində artımlar olacaq. Nəzərə alaq ki, indiki halda Ermənistanda iqtisadi tənəzzül var və beynəlxalq reytinq təşkilatları bu ölkənin kredit reytinqini kəskin şəkildə aşağı salıb. Həmçinin xarici borc ümumi daxili məhsul həcminin 60 faizindən çoxdur. Bu baxımdan, əgər Ermənistan da öz iqtisadi inkişafında maraqlıdırsa, Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiyaların daha qısa zamanda bərpasına çalışmalıdır. Bu, Ermənistanda müşahidə edilən uzunmüddətli tənəzzülün səngiməsinə köməklik edə bilər”.