Təyyarələr, silahlar, gecəgörmə gözlükləri: “Taliban”ın ABŞ istehsalı olan yeni döyüş sandığı

0

Təxminən bir ay əvvəl Əfqanıstan Müdafiə Nazirliyi ABŞ-ın Kabilə gələn yeddi yeni helikopterinin fotoşəkillərini sosial mediada yayımladı. ABŞ Müdafiə naziri Lloyd Oustin bundan bir neçə gün sonra Pentaqonda jurnalistlərə verdiyi açıqlamada Əfqanıstan ordusuna dəstəyin davam edəcəyini bildirdi.

Ancaq bir neçə həftə ərzində “Taliban” ölkənin böyük hissəsini, Əfqanıstan qüvvələrindən qaçaraq geridə qalan silah və texnikanı ələ keçirdi. Sosial mediada yayılan video və fotolarda qiyamçıların müxtəlif hərbi zirehli və zirehsiz maşınlar, rabitə vasitələri, odlu silahlar, hətta hərbi PUA-lar ələ keçirdiyi görünür.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri “Reuters” agentliyinə bildirib ki, məhv edilməmiş hər şey “Taliban”ın əlinə keçib. ABŞ-ın hazırkı və keçmiş səlahiyyətliləri bu silahların mülki əhalini öldürmək üçün istifadə edilə biləcəyindən, İŞİD kimi terror təşkilarına ötürülə biləcəyindən və hətta potensial olaraq Çin və Rusiya da daxil olmaqla ABŞ-ın düşmənlərinə təhvil veriləcəyindən narahat olduqlarını söyləyirlər.

Prezident Co Bayden administrasiyası silahlarla bağlı o qədər narahatdır ki, bir sıra variantları nəzərdən keçirir. Səlahiyyətlilər helikopter kimi daha böyük texnikalara havadan zərbə endirməklə məhv etmək niyyətlərini istisna etmirlər, ancaq hələlik insanların təxliyyə edilməsi üçün “Taliban”la açıq mübarizədən çəkinirlər.

Başqa bir səlahiyyətli “Reuters” agentliyinə bildirib ki, hələ dəqiq rəqəm olmasa da, hazırkı kəşfiyyat məlumatlarına görə, “Taliban”ın əlində “Humvee” də daxil olmaqla təxminən 2000-dən çox hərbi maşın, UH-60 “Black Hawk” helikopterləri daxil olmaqla 40-dan çox hərbi hava vasitəsi, “ScanEagle” kimi hərbi PUA-lar var.

2002-2017-ci illər arasında ABŞ Əfqanıstan ordusuna silahlar, raketlər, gecəgörmə gözlükləri və hətta kəşfiyyat toplamaq üçün kiçik PUA da daxil olmaqla təxminən 28 milyard dollarlıq silah verib. ABŞ Hökumətinin Hesabat Bürosuna (GAO) görə, 2003-2016-cı illər arasında ABŞ Əfqanıstan qüvvələrinə 208 təyyarə verib.

Asif Cəfərov

Leave A Reply

Your email address will not be published.

Tərcümə »