Qazaxıstan hakimiyyətini bu ölkədə yaşayan etnik ruslar və rus dilinə qarşı ayrı-seçkilik etməkdə ittiham edən hüquqşünas Ermek Tayçibekov 7 il azadlıqdan məhrum olunub.
İctimai Rəy xəbər verir ki, Almatı məhkəməsində hakim qarşısına çıxarılan hüquq müdafiəçisi cəzasını sərt rejimli koloniyada çəkəcək.
O, ölkədə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib.
Tayçibekov və ailə üzvləri məhkəmənin qərarına etiraz edib.
Hüquq müdafiəçisinin cəzalandırılmasına ötən il səsləndirdiyi bu sözlər olub: “Qazaxıstanda dövlət səviyyəsində ruslara, rus mədəniyyəti, o cümlədən rus dilini yox etmək üçün məqsədyönlü işlər aparılır”.
Məhkəmə qərarının elan edilməsindən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov qazax həmkarı Muxtar Tleuberdiyə zəng edib.
Lavrov Qazaxıstandakı məişət millətçiliyinə etiraz edib və bunun yolverilməz olduğunu bildirib.
Rusiya mətbuatı, bundan başqa, Qazaxıstanda rus dilində ünsiyyət, eləcə də ictimai yerlərdə yazılı fəaliyyətlərin məhdudlaşdırılmasına dair kampaniya aparıldığını yazıb. Baş verənlər sosial şəbəkələrin Rusiya seqmentində müzakirə yaradıb.
Mənbə: moderator.az