Son günlər sosial şəbəkələrdə Qarabağda yaşayan ermənilərin Bakıya və Gəncəyə gətirilməsiylə bağlı müzakirələr aparılır. Bununla bağlı müxtəlif iddialar irəli sürülür.
Professor Qulu Məhərrəmli də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndiyə, ermənilər isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Məmləkətdə sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur.
Maraqlıdır, ermənilər torpaqlarımızdan silahlılarını çıxarmamış, sərhədlər müəyyənləşməmiş, onlar silahlarını yerə qoymamış bu təklifin irəli sürülməsi nə dərəcə doğrudur?
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova bu təklifi irəli sürənlərin dəyərlərimizi düşünmədiyini söyləyib:
“Ermənilərin Bakı və Gəncəyə gətirilməsini qəti şəkildə qəbul etmirəm. Bu fikir ilə razı deyiləm. Xankəndi bizim torpağımızdır. Biz ora getməliyik. O Xanın kəndidir. Onlar bura niyə gəlməlidirlər? Onu anlamıram. Bu qədər şəhiddən, qırğından sonra erməni gəlib Bakıda və ya Gəncədə necə gəzə bilər?! Qəti şəkildə qəbul etmirəm. Onu kim deyibsə, səhv edib. Biz onu qəbul etməyəcəyik. Onu deyən dəyərlərimizi düşünməli idi”.
S.Orucova ziyalıların səsləndiriyi fikrin lazımsız olduğunu deyib:
“Ermənilər hələ də bizim torpaqlarımızdan əl çəkmirlər. Hələ biz Xankəndinə gedək çıxaq… Onsuz da oğullarımızın gücü ilə gedirdik. Bizə ziyalıların dediyi bu söz lazım deyil. Xankəndi bizimdir. Bakı və ya Gəncə nə vaxtdan ermənin olub? Onların gəlib buranı murdarlamasına icazə vermərik”.
Sevinc Orucovanın sözlərinə görə, belə bir hadisə baş versə, şəhid analarının ahı bizi tutar:
“Bu, yolverilməzdir. Biz belə şeyləri qəbul etmirik. Mən özüm bir şəhid xanımı olaraq bunu necə qəbul edə bilərəm? Onların əli qan batıb. Bizim uşaqlarımızı, analarımızı öldürüblər. Mənim qayınanamı erməni öldürüb.
Onların uşağı doğulanda bizi düşmən kimi qələmə verirlər. Baxın görün onlar nəyi təbliğ edir, biz nə edirik. Ermənilər heç vaxt yumuşalmayacaqlar. 100 ildir bizimlə bu münasibədədirlər. Belə də qalacaq”. (Yenisabah.az)