“Bu insanların dünyagörüşü o qədər dardır ki, dinlərinin də dar olduğuna görə özlərini “dindar” adlandırırlar. Bu insanlar ilk növbədə bilməlidirlər ki, dünya sadəcə müsəlmanlardan ibarət deyil”.
İctimai Rəy xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri Unikal.org-a açıqlamasında Hacı Surxayın Məhərrəm ayında toy edən şəxslərin övladlarının sağlamlığında təhlükə yaranacağı, ailə həyatının xoşbəxt olma ehtimalının az olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, müsəlmanların hamısı Məhərrəm ayında toy edib-etməməyi müzakirə etmirlər:
“Məsələn Qazax, Zaqatala, Balakən və Quba rayonlarında Məhərrəm ayı ilə bağlı heç bir problem yoxdur və onlar toy da edirlər. Bu insanların dünyagörüşləri o qədər bəsitdir ki, onların düşüncəsinə görə, dünyada yaşayan 7-8 milyard insanın hamısı müsəlmandır və onlar toy etsələr xoşbəxt olmayacaqlar, uşaqları şikəst olacaq. Bu adamlardan soruşmaq lazımdır ki, həqiqətən də Məhərrəm ayında toy edən şəxslərin uşaqları arasında şikəst olan var mı? Bu, Allahlıq iddiası kimi bir şeydir. Bunlar Allahın verə biləcəyi qərarı Allahın adından verməyə çalışan fırıldaqçılardır. Belə bir şey nə dərəcədə doğru ola bilər? Dünyada milyardlarla buddist və xristian yaşayır. Onlarda Məhərrəm ayında toy edib-etməmək məsələsi var mı? Onlar həmin zaman toy etdikləri vaxtda uşaqları şikəstmi olur? Görün biz nəyi müzakirə edirik. Vicdanın nə olduğunu bilməyən, İranın Ali Dini liderinin ifadəsini Qarabağı azad etməklə əlaqələndirən şəxsin qurumunda olan hər hansısa bir mollabaşın ifadəsini müzakirə edirik. Biyabırçılıqdır”.