Əza saxlamaq Allahın buyuruğundan kənarlaşmaq və ya sağlamlığa zərər vurmaq deyil

0

Azərbaycan əsrlər boyu müsəlman intibahında İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi mühüm rol oynayan və bu gün də İslam dünyası ilə sıx əlaqədə olaraq ön cəbhədə duran dövlətlərdən biridir.

Bunu “İctimai Rəy“ə açıqlamasında Bakı İslam Universitetinin kafedra müdiri, “Elin Səsi” ictimai birliyinin sədri Elvin Talışınski deyib.

Xalqımızın milli, dini və tarixi irsində İslam dini dəyərləri müstəsna rol oynayıb. Sülh, qardaşlıq dini olan İslam dini dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlər sisteminə daxil olması nəticəsində ölkəmiz humanitar və mədəniyyətlərarası dialoq məkanına çevrilib.

Azərbaycan müsəlman dünyasında dünyəvi dövlətin bənzərsiz bir modeli olmaqla İslam həmrəyliyi və müsəlman ölkələri arasında birliyin əldə edilməsi proseslərində də daim iştirak etməyə çalışıb.

Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər əsrlər boyu formalaşmış və bütün illərdə xalqımız tərəfindən həyata keçirilib.

Bildiyiniz kimi, İslam dünyasında mühüm bir əhəmiyyətə malik olan Məhərrəm ayına qədəm qoymuşuq. Məhərrəm ayı, əsasən bu ayın onuncu – Aşura günü Azərbaycan müsəlmanları tərəfindən hər il xüsusi olaraq qeyd edilir.

Həmin gün, İslam tarixinə İmam Hüseyn (ə) şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşura mərasimi İslam dininin qorunmasında öz tarixi əhəmiyyətini daşımaqla yanaşı, eyni zamanda, fədakarlıq və şücaət məktəbi kimi qiymətləndirilir. Ümumilikdə İslam tarixində xüsusi yeri olan Kərbəla hadisəsini həm də dinimizin yenidən oyanışı adlandırmaq olar.
Çünki həmin dövrdə İslama kölgə salan və həqiqi İslamdan uzaqlaşan hallar mövcud idi. İmam Hüseyn (ə) və onun tərəfdarlarının haqq uğrunda mübarizəyə qalxması, göstərilən rəşadət və əzəmət inkarolunmaz bir həqiqətdir.

Elə xalqımızın müqəddəs savaşına çevrilən Vətən müharibəsində igid oğullarımız məhz İmam Hüseyn (ə) məktəbinin şagirdləri kimi Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Öz dövləti, xalqı, dini uğrunda prezidentimizin əmri ilə savaşa qalxdılar və hamımıza qələbə sevinci yaşatdılar. Bu o deməkdir ki, xalqımız öz tarixini, erməni vəhşiləri tərəfindən başlarına gətirilən faciələri, şəhidlərini unutmayaraq onu qəlbində, zehnində yaşatdı.

Dinimiz sağlam yaşamaq və sağlam həyat tərzinin sürülməsini bütün insanlara qanun olaraq buyurmuşdur. Belə ki, güclü və sağlam  orqanizmə, sağlam ruha sahib olmaq üçün eyni zamanda sağlam həyat tərzi – düzgün qidalanmaq, normal fiziki iş və normal istirahət balansının saxlanılması, habelə şəxsi gigiyena əsas şərtdir, və bu işdə də Peyğəmbərimiz (s) bizlərə ən gözəl nümunədir.

Əzadarlıq etmək, əza saxlamaq heç də Allahın buyuruğundan kənarlaşmaq və ya sağlamlığa zərər vurmaq deyil. Əzadarlıq qəmli, müsibətli hadisəni xatırlamaq və yad etməkdir.

Respublikamızda hər il bu gün yad edilir, mərsiyələr oxunur, dualar edilir, ehsanlar paylanılır və üstəlik qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir. Bütün bunlar xalqımızın yaşadığı əzadarlıqdır.

Lakin, unutmayaq ki, hər bir müsəlman təkcə bir ay deyil, bütün ömrü boyunca İmam Hüseyn (ə) eşqini həm qəlbində, həm də əməlində yaşatmalıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »