Ölkəmizdə COVID-19 virusuna ilk yoluxma halı qeyd olunan andan effektiv və təxirəsalınmaz tədbirlər görülməkdədir.
Dövlətimiz istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Eləcə də bu virusa qarşı vaksinasiyanın təşkili istiqamətində mühüm addımlar atılıb.
Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Ümumiyyətlə, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır və dövlətimiz əhalinin sağlamlığının qorunmasını özünün strateji vəzifəsi hesab edir.
İctimairey.az bildirir ki, bu fikirləri AZƏRTAC–a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputatın sözlərinə görə, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır və onların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, COVID-19 virusuna yoluxan xəstələrin mütləq əksəriyyəti tibb müəssisələrində müalicə alırlar:
“Təəssüflər olsun ki, indiki halda karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, şənlik mərasimlərində qaydalara riayət olunmaması, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olur. Vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması yoluxma sayında yüksək dinamikanın müşahidə olunmasına yol açmaqdadır. Nəticə etibarilə, xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilənlərin, habelə ölüm hallarının sayında da ciddi artım nəzərə çarpır”.
O, artıq dünyanın bir sıra ölkələrində müəyyən sərtləşdirmə tədbirlərinə əl atıldığını qeyd edərək, məhdudiyyətlərin ölkəmizdə də tətbiq edilməməsi üçün vətəndaşlarımızın mütləq şəkildə məsuliyyətli davranmalı və karantin rejiminin qaydalarına riayət etməli, vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda tibbi maskadan istifadə etməli, ara məsafəsi saxlamalı olduqlarının vacibliyini vurğulayıb.
“Sosial mədəniyyət və sosial məsuliyyət insanlar arasında münasibətlərin əsasını təşkil etməlidir. Əks halda, yoluxma sayının artım dinamikası daha da yüksələrək ciddi təhlükə yaratmaqda davam edəcək”, – deyə Müşfiq Məmmədli bildirib.
İctimairey.az