“Talibana Əfqanıstanda hakimiyyətin təhvil verilməsi bir çox məqsədlərə hesablanıb. Düzdür indi hamı deyir ki, ABŞ Əfqanıstanda məğlub oldu. Amma bir neçə il kifayət edəcək ki, biz onun məğlub olmadığını, bunun geosiyasi taktika olduğunu görək”.
İctimai Rəy xəbər verir ki, bu açıqlamanı Metbuat.az-a AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadəedib.Onun sözlərinə görə, Əfqanıstan ora hücum edənlər üçün eyni ilə “lənət torpağıdır”. Eynilə Moskva kimi. Buranı tutmaq istəyən hər bir imperiya, imperator məhvə və acı məğlubiyyətə məhkumdur.
Bəs ABŞ nə istəyir və nəyi proqnozlaşdırmaq olar?
“Talibanın Əfqanıstanda möhkəmlənməsindən sonra ilk hədəflərindən biri Mərkəzi Asiya istiqamətinin “gerçəkdən islamlaşdırılması” olacaq. Mərkəzi Asiyada qeyri-sabitlik və terror bölgəsi yaranacaq. Bu isə Çinin Mərkəzi Asiyadan keçməklə Qərbə uzanan layihələrinin sual altına düşməsi deməkdir. Çin bu istiqamətə yönəlsə, kifayət qədər güc itirəcək. Bu Amerikanın mənafelərinə cavab verir.
İkincisi, əgər Əfqanıstanda bir “İslam Əmirliyi” varsa, onun hədəfi və bəhanəsi dünyada vahid “islam hakimiyyəti”, “xəlifəlik institutu” və s. olacaq. O zaman qarşıdakı 3-5 il ərzində Əfqanıstandakı radikal mənbəli “İslam Əmirliyi” ilə, İrandakı şiə “İslam Respublikası” arasında bir müharibə böyük ehtimalla baş verə bilər”.
Elnur Kəlbizadə vurğuladı ki, İran Əfqanıstanda müharibəyə çəkilsə SSRİ, Britaniya taleyini o da yaşayacaq. Bəlkə də daha pisini yaşayacaq.
“Tarixə baxın. Bir zamanlar Səfəviləri əfqanlar hansı günə qoymuşdularsa, İranı da əfqanlarla o hala salacaqlar. ABŞ bölgə tarixini gözəl bilir. Tarix və proseslər isə spirialvari hərəkət edir. Rusiya da Taliban təhlükəsi bəhanəsi ilə Mərkəzi Asiyadakı Türk dövlətlərinə silah satacaq, elə digər silah sənayesi olan dövlətlər də digər bəzi bölgə dövlətlərinə silahlarını satacaqlar. Digər tərəfdən ABŞ-ın da Əfqanıstandan bu şəkildə çıxması Rusiya üçün sovet dövründən üzərində qalmış əskiklik kompleksini sındırmaq üçün bir imkandır. Başqa sözlə desək hər kəs Əfqanıstandakı radikalizm problemini imkana çevirib rəqiblərinə qarşı istifadə etmək niyyətindədir”.