Taliban hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabilə hər tərəfdən daxil olmağa başlayıblar.
İctimairey.az xəbər verir ki, bu barədə Sky xəbər kanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Əfqanıstan səlahiyyətlilərinə görə, Taliban birlikləri artıq şəhərin kənarını işğal ediblər. Taliban özləri rəsmi bir bəyanat yayaraq, Kabili yalnız sülh yolu ilə ələ keçirmək niyyətində olduqlarını iddia ediblər.
“Paytaxt Kabul böyük və əhalinin sıx olduğu bir şəhər olduğundan, İslam Əmirliyinin mücahidləri şəhəri zorla və ya müharibə yolu ilə işğal etmək niyyətində deyillər, əksinə Kabulu sülh yolu ilə ələ keçirirlər. Keçid prosesinin təhlükəsiz şəkildə təmin etmək üçün danışıqlar aparılır; etibarlı şəkildə, kiminsə həyatına, əmlakına, şərəfinə və kabulluların həyatına xələl gətirmədən”.
Açıqlamaya görə, Taliban qüvvələrinə şəhərin kənarında dayanmaları əmr edilib.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval bildirib ki, Kabildə hakimiyyət dəyişikliyi sülh yolu ilə həyata keçiriləcək və hüquq-mühafizə orqanları mülki əhalinin müdafiəsini təmin edəcək.
TOLO News kanalının efirində “Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə olacaq” bildirilib.
Bundan əvvəl, Taliban Əfqanıstanda ən çox əhalisi olan beşinci şəhəri Cəlalabadı nəzarətə götürüb. Şəhər rəhbərliyi mülki əhalinin həyatını xilas etmək üçün şəhəri könüllü olaraq silahlılara təslim edib.
Taliban Əfqanıstanın Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərini də nəzarətə götürüb. Məlum məlumatlara görə, hökumət ordusu döyüşsüz şəhəri təslim edib və qaçıb, ancaq şəhərin yaxınlığında kiçik toqquşmalar davam edir.
Esmira ŞÜKÜROVA
İctimairey.az