Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu, amma belə vəziyyət görünməmişdi.
Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı kritik həddə çatıb və qondarma rejim şəhərdə fövqəladə vəziyyət tətbiq edib.
Bu haqda erməni KİV-ləri bildirir.
Qarabağdakı “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan deyib ki, şəhərin 30 faizindən çoxunda su yoxdur, sakinləri su ilə təchiz etmək üçün 5 sudaşıyan maşın ayrılıb və onlar gecə-gündüz işləyirlər. Poqosyan su qıtlığının səbəbini 40 gündür Xankəndinə yağış yağmaması və havanın temperaturunun 30 dərəcədən aşağı düşməməsi ilə izah edir.
Üstəlik bildirir ki, şəhərdə yaşayanların sayı 10-15 min qaçqının hesabına artıb. Və bu məqamda separatçı rejimin su və kanalizasiya işlərinə cavabdeh məmuru Xankəndidə yaşayanların sayı barədə reallığa uyğun olmayan rəqəmlər səsləndirib: “Yəni müharibəyə qədər şəhərdə 60-61 min adam yaşayırdısa indi 75 min adam yaşayır. Təbii ki, su istehlakı da artıb. Nəticədə xaotik vəziyyət yaranıb”.
Poqosyan deyib ki, şəhərdə sovet dövründən qalma artezian quyularını tapıb işə salırlar, artıq iki belə quyu işə salınıb.
O, şəhərdə su qıtlığında hansısa formada Azərbaycanın əli ola biləcəyini təkzib edib. “Biz yağışları gözləyirik”,-o bildirib.
Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu, amma belə vəziyyət görünməmişdi.
Erməni mənbələrinin digər məlumatına görə, Əsgəran şəhərinin qondarma “meri” sakinlərə müraciət edərək Xankəndiyə su daşımaq üçün 5-6 litrlik boş su qabları toplamağı xahiş edib. (virtualaz.org)