Əsl həqiqəti heç kim dana bilməz

0

Azərbaycanla sülh danışıqlarına hazır olduğunu pafosla bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın əslində sülh danışıqlarına nə hazır, nədəki razı olmadığı üzə çıxdı. Çünki Paşinyanın sözlərinin necə deyərlər, hələ mürəkkəbi qurumamış, Ermənistanın silahlı qüvvələri həm sərhədlərimizdə, həm də Şuşa ətrafında növbəti dəfə atəşkəsi pozdu.

Bildiyiniz kimi Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Avqustun 13-də isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Eləcə də, Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Göründüyü kimi erməni təxribatları səngimək bilmir və Paşinyanın “sülh” bəyanatı növbəti hiylədən və manipulyasiyadan başqa bir şey deyil. Ermənistan rəsmiləri və erməni KİV-i isə özlərinin atəşkəsi pozduğunu danaraq, guya Azərbaycanın hücuma keçdiyini iddia edirlər. Lakin əsl həqiqəti heç kim dana bilməz. Ermənistanın nizami silahlı qüvvələrinin və sülhməramlıların məsuliyyət zonasında yuva salmış erməni hərbçilərinin qalıqlarının sərhəd ərazilərimizi və Şuşadakı mövqelərimizi atəşə tutmalarını yeri gəlsə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də təsdiqləyə bilər.

Baş verənlər onu göstərir ki, Ermənistan nə bölgəyə əminamanlığın və sülhün gəlməsində maraqlı deyil, nədəki bu ölkənin hərbi-siyasi rəhbərliyinin 10 noyabr və 11 yanvar razılaşmalarının şərtlərini yerinə yetirmək fikri yoxdur. Azərbaycan isə ilk növbədə 10 noyabr Bəyanatının 4-cü maddəsinə istinad edərək Ermənistan hərbçilərinin qalıqlarının Qarabağ ərazisindən çıxarılmasında və sərhədlərin demarkasiyanının başa çatdırılmasında israrlıdır. Lakin hazırda hər iki məsələ “dalan”a dirənib. Çünki Ermənistan bütün vasitə və bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Rusiya isə əfsuslar olsun ki, nə vasitəçi, nədəki sülhməramlı kimi etimadı doğrultmur, görəvini yerinə yetirə bilmir.

Belə olan halda, bizim bir yolumuz qalır: anti-terror və ya məcbur etmə əməliyyatı keçirmək. Biz belə bir əməliyyat keçirməklə torpaqlarımızın qalan hissəsini də Ermənistanın silahlı birləşmələrindən və separtçılardan təmizləmək imkanı əldə edəcəyik. Beləliklə, sülhməramlıların yerinə yetirməli olduğu işi də özümüz görəcəyik. Əgər sülhməramlılar vəziyyətin belə bir kritik həddə gəlib çatmasını istəmirlərsə, o zaman dərhal hərəkətə keçməli və 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini operativ şəkildə təmin etməlidir. Başqa sözlə desək, indiki fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi) ilə sülhməramlıların rolu bizi əsla qane etmir. Axı yarımçıq sülhməramlılıq olmur.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »