Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən bəyanatda Cənubi Qafqazda uzun müddətdən sonra yaradılan sülh və rifahı qorumaq üçün Ermənistanın öz hücumlarından, təxribatlarından və həqarətlərindən əl çəkərək bu fürsəti dəyərləndirməli olduğunun bildirilməsi çox önəmli hadisədir. Sözügedən bəyanatda həmçinin Ermənistan rəhbərliyinə qəbul etdiyi 10 noyabr və 11 yanvar razılaşmalarındakı öhdəliklərinə sadiq qalaraq bölgə ölkələri ilə əməkdaşlıq üçün çağırış edilib.
Türkiyənin bu sərt xəbərdarlığı birbaşa Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə ünvanlanıb. Ermənistan rəhbərliyi bu xəbərdarlıqdan özü üçün ciddi nəticə çıxarmalıdır. Türkiyə kimi bölgənin əsas aparıcı aktorlarından birinin Təhlükəsizlik Şurasının belə bir bəyanat verməsi sıradan bir hadisə deyil. Türkiyə bölgədə gedən prosesləri diqqətlə izləyir və adekvat reaksiya verir.
Bu o deməkdir ki, artıq Ermənistanın destruktiv-revanşist davranışları, pozuculuq fəaliyyətləri Türkiyənin də səbrini daşırmaqdadır və Türkiyənin rəsmi İrəvanın zaman-zaman sərgilədiyi avantürist hərəkətlərə, sabitlik və sülh üçün yaratdığı təhdidlərə göz yummaq fikri yoxdur. Bu bəyanat onu göstərir ki, revanşist Ermənistanın və Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilərin düşmənçilik davranışlarına dözməyin sonu çatıb.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri