Təbii ki, Tokio Olimpiadasının nəticələri bizi qane etmədi, çünki ümidlərimiz daha böyük idi. Ancaq bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, idmançılarımızın oyunlarda arzuolunan formada çıxış etməməsinin, daha doğrusu, edə bilməməsinin səbəbi həm də pandemiya idi.
İctimairey.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, məhz koronavirus probleminə görə uzun müddət idman zalları bağlı qaldı, idmançılar yaxşı məşq edə, beynəlxalq yarışlara qatıla bilmədilər:
“Bu faktor isə yekunda nəticəyə heç şübhəsiz ki, öz təsirini göstərdi. Amma əsas təsəllimiz budur ki, ən böyük qələbə Qarabağ torpaqlarında qazanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində bizə lazım olan ən mükəmməl qalibiyyəti Azərbaycan 2020-ci ildə əldə edib.