Polisi döyən deputat Eldəniz Səlimovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi məlum olub.
Milli Məclisdən İctimairey.Az-a verilən məlumata görə, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.
Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün təqdimat göndərib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən təqdimata İntizam Komissiyasında baxılmalıdır.
Bildirildi ki, Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Konstitusiyaya əsasən, deputatın şəxsiyyəti toxunulmazdır. Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zərurəti yaranıb.
İclasda çıxış edən deputat Eldəniz Səlimov hadisə üzrə təqsirli olduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.
Tədbirdə İntizam komissiyasının üzvləri Fəzail Ağamalı, Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və komissiyanın katibi Nurlan Həsənovun fikirləri dinlənildikdən sonra Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.İctimairey.Az