Azərbaycana qarşı növbəti “hibrid müharibə”yə, psixoloji pressinqə start verilib…

0

Deyəsən, “Bakı bəyannaməsi”nin daşı yaman ağırmış. Fikir verdinizsə, məhz “Bakı bəyannaməsi”nin imzalanmasından dərhal sonra Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədlə ölkəmizdə referdumun keçiriləcəyi, eləcə də Milli Məclisin təkrar buraxılacağı barədə əsassız iddialar və yersiz fikirlər biriləri tərəfindən dövriyyəyə buraxıldı, tirajlandı.

Çünki “Şuşa Bəyannaməsi”nin ardınca, Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri arasında hər üç ölkənin qanunvericilik orqanı arasında əlaqələrin intesivləşməsinə xidmət edən “Bakı bəyannaməsi”nin imzalanması görünür ölkə daxilində və xaricdə müəyyən qüvvələri bərk narahat edib.
Xüsusən də iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası zamanı zor tətbiq etməsi barədə xəbər ictimailəşəndən sonra, bəzi radikal siyasi qüvvələr xaricdəki “ağa”ları tərəfindən verilən tapşırıq və təxribat xarakterli direktivlər əsasında ölkənin siyasi gündəminin süni şəkildə dəyişdirilməsinə, o cümlədən ictimai rəydə parlamentə, parlamentarilərə qarşı etimadsızlıq münasibətinin formalaşdırılması məqsədilə Milli Məclisin təkrar buraxılacağı barədə fikirlər ifrat canfəşanlıqla güncəlləşdirilməyə, ictimai rəyə proyeksiya olunmağa başlandı. Ancaq yenə deyirəm əsl həqiqətdə isə bu iddiaların heç bir əsası yoxdur, bütün bu süni ajiotaja, süni canfəşanlıqlara sadəcə və sadəcə təəssüf etmək olar.

Mövzusuzluq qıtlığı yaşayan bu qüvvələr referendum keçiriləcəyi və Milli Məclisin buraxılacağı barədə dezinformasiyaları ortaya atmaqla ilk növbədə “nəlbəkidə fırtına” effekti yaratmağa çalışırlar. Eyni zamanda da “tutar qatıq, tutmaz ayran” prinsipi ilə hərəkət edirlər. Eldəniz Səlimov olayı da bunlar üçün sanki göydəndüşmə bir girəvə rolunu oynadı. Lakin bu qüvvələr başa düşmürlər ki, Eldəniz Səlimovun məlum hərəkəti siyasi məzmunu olan bir hadisə yox, fərdi-məişət zəminində baş vermiş kriminal olaydır. Odur ki, bu olayı şar kimi üfürüb ona siyasi don geyindirmək və ondan guya Milli Məclisin buraxılacağı barədə şayiələr üçün informasiya dəstəyi kimi istifadə etmək də gülüncdür.

Ümumiyyətlə, bunlar ölkə gündəmini bu və ya digər formada dəyişmək üçün bütün vasitələrə, hər cürə variantlara əl atırlar. Məqsəd də Milli Məclisin təkrar buraxılacağı barədə fikirləri ictimai rəyə təlqin etməklə bir növ hakimiyyəti fakt qarşısında qoymaq və həqiqətən də Milli Məclisin buraxılmasına nail olmaqdır. Çünki onlar erkən (və ya təkrar) seçkilər vasitəsilə necə deyərlər, Milli Məclisi götürməyi və hakimiyyətə gəlməyi hədəfləyirlər. Ona görə də Milli Məclisin buraxılacağı barədə feyk-xəbərdən belə möhkəm-möhkəm yapışıblar. Və həm də sanki son çarəymiş kimi yapışıblar.

Ancaq hələ bu da onların əsas məqsədləri deyil. Məsələ onların sadəcə Milli Məclis üzərindən hakimiyyəti ələ keçirmək planları ilə yekunlaşmır. Onların məkrli məqsədi bundan da qat-qat irəli gedir. Bu qüvvələrin əslində daha böyük məramları ümumiyyətlə, Azərbaycanda hakimiyyət böhranı yaratmaq və 44 günlük müharibədə qələbəmizin əsas şərtlərindən biri olan xalqla hakimiyyət arasındakı birliyi pozmaq, cəmiyyəti parçalamaq, insanlarda həm ruh düşkünlüyü yaratmaq, həm də nifrəti körükləmək və beləliklə də milli həmrəyliyi sarsıtmaqdır. Onlar bütün bu xain planlara start verməklə son nəticədə Azərbaycanın zəifləyəcəyinə və daxili qarşıdurmaların, iç savaşların ağuşunda çabalayacağına ümid bəsləyirlər. Bütün bunlar “Beşinci kolon” deyilən qüvvələrin, öz içimizdəki satqınların əliylə həyata keçirilməsinə cəhd göstərilən “hibrid müharibə”nin təzahür elementləridir.

Bəli, Azərbaycana qarşı növbəti “hibrid müharibə”yə, psixoloji pressinqə start verilib. Və bu da ilk növbədə revanşist Ermənistana, onun xarici havadarlarının maraqlarına xidmət edir. Onlar Azərbaycanı məhz bu cür dolayısı yollarla zəiflətməklə Ermənistanın İkinci Qarabağ müharibəsində uğradığı rüsvayçı məğlubiyyəti və məruz qaldığı itkiləri kompensasiya etməyə çalışırlar. Məqsəd həm də son anda Azərbaycan-Türkiyə birliyinə mane olmaq, “Şuşa Bəyannamə”sinin reallaşmasını sabotaj etməkdir. Yəni düşmənin hədəfləri gördüyünüz kimi bu dərəcədə çoxşaxəlidir. Və ən pisi də budur ki, bu prosesdə icraçı kimi rol alan, düşmənin yuxarıda qeyd etdiyimiz xain planlarının həyata keçirilməsində alət rolunu oynamaq kimi namərd bir “missiya”nı öz üzərinə götürənlər məhz daxildəki radikal müxalifət qüvvələridir. Çünki onlar anti-Azərbaycan mövqeli xarici qüvvələrin daxildəki nökərləri, əlaltılarıdır. Belələri necə deyərlər, Vətəni, milləti bir “malades”ə də satmağa hazır olan Qurbanəli bəylərdir. Bu yerdə necə deyərlər, Allah Mirzə Cəlilə rəhmət eləsin.

Ancaq sözügedən qüvvələr ölkə gündəmini bu kimi əsassız iddialarla, dezinformasiyalarla zorla dəyişdirməyə çalışmaqla, cürbəcür şayiələr yaymaqla heç nəyə nail ola bilməzlər. Çünki Azərbaycan artıq kifayət qədər oturuşmuş bir dövlətdir və Azərbaycan cəmiyyəti də düşünüldüyündən də artıq yetkin və səbatlı cəmiyyətdir. Hər xırda hadisəyə və ya əsassız şayiəyə görə Azərbaycan cəmiyyətində süni siyasi “zəlzələ”lər, çalxalanmalar baş verəsi deyil. Milli Məclisin fəaliyyətində də məqsədyönlü şəkildə hər hansı bir boşluqlar axtarmaq, deputatları qaralamaq və onları qeyri-kompetent ampluada təqdim etmək də lazım deyil. Əlbəttə, bütün sferalarda olduğu kimi deputatların da arasında öz görəvinin öhdəsindən layiqincə gələ bilməyən bu və ya digər şəxslər var. Ancaq bütün bunlar kimlərinsə bütövlükdə Milli Məclisin fəaliyyətinə kölgə salmaq cəhdlərinə heç bir əsas vermir.

Bu gün qanunvericilik və icra orqanları arasında mükəmməl əlaqəli iş sistemi qurulub. Belə ki, aparılan struktur və kadr islahatları nəticəsində Prezident Administrasiyasında parlamentlə, eləcə də parlamentdə icra orqanları ilə iş şöbələri yaradılıb. Bu isə öz növbəsində hər bir deputatın və icra orqanının həftəlik, aylıq, illik fəaliyyətlərini həm izləməyə, həm də araşdırmağa imkan verir. Yəni ki, Milli Məclisin işi, deputatların fəaliyyəti kifayət qədər optimallaşdırılıb, şəffaflaşdırılıb və bu proses bundan sonra da davam edəcək. Demək istədiyim odur ki, VI çağırış Milli Məclis bu gün fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə və onun islahat kursuna uyğun qurur, eləcə də günün tələblərinə və müasir dünya proseslərinin çağırışlarına adekvat reaksiya verir. Başqa sözlə desək, Milli Məclis ölkəmizin maraqlarının qorunması prosesində fəal iştirak edir. Bu isə əlbəttə ki, daxildəki və xaricdəki müəyyən qüvvələri narahat etməyə bilməz.

Üstəgəl, hazırda ölkədə hökm sürən milli birlik və həmrəylik mühiti də Azərbaycanı hədəfə alan qüvvələri ciddi şəkildə əndişələndirir. Onlar bu birliyi, həmrəyliyi pozmaq üçün dəridən-qabıqdan çıxırlar. Odur ki, “Azərbaycan ciddi dəyişikliklərin astanasında: parlament buraxılır, referenduma gedilir” kimi dırnaqarası “öncəgörmə”lərlə süni gündəm yaratmağa çalışırlar. Lakin bütün bunlar əbəs cəhdlərdir. Bu gün Azərbaycanda xalq tərəfindən dəstəklənən Prezident və Prezidentin formalaşdırdığı güclü hakimiyyət var. Birdəki, Vətən müharibəsindən qalib çıxmış ölkəni və xalqı yanlış istiqamətlərə yönləndirmək əsla və əsla mümkün deyil. Odur ki, boşuna cəhd göstərməyin!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »