Tokio 2020 Yay Olimpiya Oyunlarında cüdoçuların fərdi yarışına yekun vurulub.
İctimairəy.az Fanat.Az-a istinadən xəbər verir ki, ölkəmizin olimpiyaçıları bir bürünc və bir beşincilik sayəsində Macarıstan və Portuqaliya ilə birgə yarışı 19-cu sırada başa vurub.
İlk yeri 9 qızıl, 1 gümüş və 1 bürünc medalla Yaponiya tutub. İkinci pillədə 2 “qızıl”la Kosovo qərarlaşıb. “Üçlüy”ü 1 qızıl, 3 gümüş, 3 bürünc mükafatla Fransa qapayıb.
Gürcüstan 1 qızıl, 3 gümüş medalla dördüncü sırada yer alıb. Çexiya isə 1 “qızıl”la beşinci nəticə göstərib.
Ümumilikdə 25 ölkənin təmsilçiləri mükafat sevinci yaşayıb.
Tokio 2020-yə 9 cüdoçu (7 kişi, 2 qadın) ilə qatılan Azərbaycan adına yeganə medalı qadınların +78 kiloqram çəki dərəcəsində çıxış edən İrina Kindzerska qazanıb. Olimpiadanın açılış mərasimində kişi bayraqdarımız Rüstəm Orucov(73 kq) isə medalın bir addımlığında büdrəyərək beşinci olub.
Qeyd edək ki, Olimpiya Oyunlarının cüdo turnirinə sabah baş tutacaq qarışıq komanda mübarizəsi ilə yekun vurulacaq. Ölkəmiz bu yarışda təmsil olunmayacaq.
İctimairey.az