Mingəçevir şəhər Mərkəzi xəstəxanasında baş həkim Eldar Kərimov tərəfindən qazinin ayağını müayinə etmək üçün pul tələb edilməsi iddia edilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi, baş həkim Eldar Kərimov sosial şəbəkədə Vətən müharibəsi qazisinin tibb müəssisində ondan qeyri-qanuni pul tələb etməsi ilə bağlı yaydığı video görüntülərinə münasibət bildirib.
E.Kərimovun Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş verib:
“Vətən müharibəsinin qazisi Muradov Orxan Fazil oğlu xəstəxanaya aşağı ətrafın rentgeni üçün müraciət edib. Rentgen şəkli çəkildikdən sonra o, rentgen texnikinə plyonkanın ona təqdim olunması üçün müraciət edib. Ona bildirilib ki, rentgen plyonkasının verilməsi üçün 4 manat məbləğində rüsum ödənilməlidir.
Qaziyə izah edilib ki, rentgen plyonkasının çıxarılması xərci İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olmadığından bu vəsait vətəndaş tərəfindən qarşılanır. Qazi buna etirazını bildirib və mənim otağıma daxil olub əlindəki mobil telefonla çəkiliş aparıb.
Hadisə ilə bağlı qazının şikayətini dinlədim və bildirdim ki, rentgen plyonkası üçün ondan istənilən məbləğ qanun çərçivəsində istənilir və onun şikayətinə qanuna uyğun baxılacaqdır. Mənim söylədiklərimlə razılaşmayan qazımızı sakitləşdirmək üçün mən öz şəxsi vəsaitim hesabına qazinin rentgen plyonkası xərclərini ödəmişəm”.
İctimairey.az