Həkim hepatit və onun orqanizmə vurduğu ziyanlardan DANIŞDI

0

“Hepatiti törədən səbəblər aradan qalxarsa, xəstə sağalır, aradan qalxmazsa, qalıcı qaraciyər xəstəliyinə səbəb olur”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Nuru Bayramov məlumat verib.

O bildirib ki, hepatitin təbii gedişi səbəbin aradan qalxıb-qalxmamasından asılı olaraq dəyişir:

“Hepatitin ilk mərhələsi kəskin mərhələdir. Əgər bu mərhələdə səbəb aradan qaldırılarsa, kəskin hepatit iz qoymadan sağalır. Əgər bu mərhələdə səbəb aradan qaldırılmazsa, xəstəlik davam edir və xroniki mərhələ baş verir. Xroniki mərhələnin özəlliyi ondan ibarətdir ki, həm səbəb davam edir, həm zədələnmə baş verir, həm də fibriotik (sərt) toxuma əmələ gəlir. Bu mərhələdə səbəb aradan qalxarsa, vəziyyət stabil qalır və ya qaraciyər düzələ bilir. Əgər səbəb aradan qaldırılmazsa, xroniki xəstəlik davam edir, proqressivləşir və sirroz adlanan mərhələ baş verir. Sirrozda həm zədələnmə, həm fibroz, həm də düyünləşmə var. Sirroz mərhələsində də səbəb aradan qaldırılarsa, proses stabilləşir, hətta yaxşılaşma baş verir. Lakin səbəb aradan qaldırılmazsa, proqressivləşmə davam edir, varikoz, qanaxma, assit, qaraciyər yetməzliyi kimi ağırlaşmalar və qaraciyər xərçəngi meydana çıxa bilir”.

Həkim hepatitin diaqnostikasında adətən üç suala cavab axtarıldığını deyir:

“Hepatit varmı, səbəbi nədir və ağırlıq dərəcəsi hansıdır. Hepatitin olub-olmadığı qan analizi ilə müəyyən edilir. Qaraciyərin funksional testləri adlanan göstəricilərdə dəyişikliklər varsa (ALT, AST, bilirubin, QF, QQT) hepatiti göstərir. Səbəbi müəyyənləşdirmək üçün anmnez, virus testləri, metabolik, autoimmun testlər və görüntüləmə müayinələri aparılır. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə klinik əlamətlər və spesifik qan testləri nəzərə alınır”.

“Hepatitin müalicəsində əsas yeri iki qrup tədbir tutur. Birinci qrupa səbəbin aradan qaldırılmasına yönəlmiş tədbirlər aiddir. İkinci qrup tədbirlərə isə orqanizmdə baş verən dəyişikliklərin aradan qaldırmasına yönələn dəstək tədbirlər aid edilir. Hepatitin ağırlıq dərəcəsinə uyğun olaraq bu tədbirlərin biri və ya hər ikisi seçilə bilər”,- deyə həkim qeyd edib.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »