Ermənistan Rusiyanın xəbərdarlığına məhəl qoymadı – Ağır texnika işə düşdü

0

II Qarabağ savaşı görünür Ermənistana boş vədlər kimi axmaq vərdişindən çəkinmək üçün bir dərs olmadı. 30 il müddətində işğala məruz qalan ərazilərin danışıqlar yolu ilə Azərbyacana qaytarılması üçün rəsmi Bakı bütün kompromisləri sınaqdan keçirsə də, İrəvan yeni torpaq iddiaları, yeni təxribatlarla 44 günlük Vətən müharibəsini alovlandırdı. Təəssüf ki, bu gün yenidən eyni ssenarinin şahidiyik. Belə ki, 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən hər vəchlə boyun qaçırmağa çalışan Ermənistan nəyinki, kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiya, demarkasiya məsələlərini, eyni zamanda atəşkəs rejiminin şərtlərinə də əməl etməməyi vərdiş halını almağa başlayıb. 

Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutması nəticəsində iki hərbi qulluqçumuz (Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu – red) yaralanıb. Lakin bu azmış kimi Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə yenidən məhəl qoymayan Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Bu amil özü bir daha göstərir ki, Ermənistan hakimiyyəti artıq üçtərəfli bəyanatı ləğv etmək üçün əlindən gələni etməklə yanaşı, Rusiyanın da nüfuzuna ciddi xələl gətirməkdə israrlıdır. Daxili auditoriyaya və Qərbə hesablanan bu təxribatların əsas məqsədi isə su kimi aydındır. Paşinyan rejimi bununla Azərbaycanla sərhəddə tərəflərindən Minsk Qrupunun digər üzvlərinin (Fransa, ABŞ) beynəlxalq hərbi kontingentinin yerləşdirilməsinə çalışır ki, bununla da Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətinin nəticəsi və kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr bəyanatını ləğv etməklə əvəzində Minsk Qrupunun fəaliyyətini yenidən bərpa edərək regiona yeni oyunçuları gətirməyə can atır.

Rusiyanın atəşkəs təşəbbüsünün Ermənistan tərəfindən rədd edilməsinin tək səbəbi də budur. İrəvan bununla regionda vəziyyəti gərgin saxlamaqla dünya ictimiyyətinin diqqətini bura yönəltməyə çalışır. Lakin istənilən halda Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etmədikcə, hərbi təxribatlara son vermədikcə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaq əvəzinə destruktiv mövqe nümayiş etdirməkdə davam edəcəksə, unutmamalıdır ki, Azərbaycan da beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.

Maraqlısı isə orasındadır ki, iyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik vilayətinə (əsasən Göyçə mahalını əhatə edən tarixi Azərbaycan ərazisi – S.L.) səfərindən sonra düşmən silahlı qüvvələri özlərini çox rahat hiss etməyə başladılar. Əvəzndə isə sərhəddəki insidentlərə görə yenə də bir dəfə də olsun Qərbdən İrəvana gözün üstə qaşın var deyən yoxdur. Lakin, Qərbin ikili standartları Ermənistanıın əl-qolunu açmamalıdır. Nəticəsinin necə olacağını bilmək üçün 8 ay əvvələ baxmaq kifayətdir.

Kremlin xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Qərbin dəstəyini arxasında hiss etdiyi aydındır. Qərbin sifarişi ilə 10 noyabr bəyanatının əvəzində yeni bir danışıqlar platformasını ortaya gətirmək üçün olub-qalan ordusunu da qırğına verməkdən çəkinməyən Paşinyan və komandası bilməlidir ki, Azərbaycanı bu cür cılız addımlar nə çəkindirə bilər, nə də məqsədindən döndərə… Milli.Az

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »