“Heç kim Ali Baş Komandanın bu qələbəsinə şərik ola bilməz”

0

Xəbər verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” açıqlaması bir neçə gündür ki, cəmiyyətdə müzakirələrə səbəb olub.

İctimai Rəy xəbər verir ki,  Millət vəkili Fəzail Ağamalı Moderator.az-a açıqlamasında Şeyx həzrətlərinin çıxışına münasibət bildirib:

“Şeyx həzrətlərinin səhv etmirəmsə “Təzə Pir” məscidində dindarlar qarşısında söyləmiş olduğu bir fikir cəmiyyətdə geniş müzakirəyə yol açıb. Əlbəttə, mən hər zaman Şeyx həzrətlərinin dini lider kimi fəaliyyətinə yüksək qiymət vermişəm. Müstəqillik dövründə o, həqiqətən dinin milli-mənəvi dəyər kimi cəmiyyətdə yerinin və rolunun müəyyənləşməsində əhəmiyyətli rol oynayıb və öz fəaliyyəti ilə dindarlara siyasətə qarışmamaq nümunəsini ortalığa qoyub. Digər tərəfdən dəfələrlə çalışıblar ki, Azərbaycanda təriqətlər arasında problem yaransın. Yəni sünni-şiə məsələsi. Şeyx həzrətləri buna da imkan verməyib və o, bütövlükdə Azərbaycanda müsəlmanların lideri kimi bütün bunların qarşısını alıb. Təriqətlərin arasında da qarşıdurmada olmadan sağlam müstəvi üzərində formalaşmasında Şeyx həzrətlərinin müsbət töhfələri olub. Baxmayaraq ki, xaricdən ən müxtəlif şəkildə Azərbaycanda təriqətlər arasında qarşıdurma yaratmağa cəhd ediblər. Bütün bunlar öz yerində, təbii ki, bunu danmaq olmaz.

Amma Şeyx həzrətlərinin Qarabağ torpaqları İslam torpağıdır, Ayətulla Xameneinin qələbəmizin carçısı və bizi qələbəyə aparması deməsi tamamilə kökündən yalnış fikirdi. Bu torpağın işğal olunmuş ərazilərimizin fətvasını Cənab Prezidentimiz, Ali Baş Komandan verdi və onu başa çatdırdı. Heç kim onunla bu qələbədə şərik ola bilməz.  Ali Baş Komandan, müzəffər sərkərdəmiz, Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və igid əsgərlərimiz bu qələbəni əldə etdi. Cənab Prezident dəfələrlə söyləyib ki, qələbənin başlıca qəhrəmanı Azərbaycan xalqı, onun əsgər və zabitləridir. Şeyx həzrətlərindən biz bu sözü gözləyirdik.

Qaldı ki, qələbənin təmin olunmasında bizim hər zaman yanımızda olan, xüsusilə 44 günlük müharibə ərəfəsində, müharibə günlərində və müharibədən sonra da bizimlə bərabər olan, mütəffiqlik haqqında Şuşa bəyannaməsi imzalayan Türkiyə dövləti və onun başçısı Rəcəb Tayyib Ərdoğan oldu. Türkiyə amili bu qələbəmizin təmin olunmasında şəriksiz ciddi rol oynadı. Burda da yenə də Ayətulla Xameneinin fətvasına hər hansı bir yer yoxdur. Əksinə həmin zaman kəsiyində biz bunu xatırlayırıq, görüntülər sosial şəbəkələrdə də yayılmışdı və bizim cənublu soydaşlarımız İrəvana gedən yük maşınlarının qarşısını kəsmişdi və hətta onun birinə od da vurdular. Müharibə dövründən söhbət gedir. Orada müharibəylə bağlı erməni işğalçılarına, Azərbaycan xalqıyla, ordusuyla bərabər olduqlarını nümayiş etdirən cənublu soydaşlarımıza çox minnətdarıq, Xameneinə yox. Onların diqtəsiylə, iradəsi və etirazıyla İran dövləti geri çəkilməli oldu və Ermənistana yükləri göndərmədi. Ondan sonra Xameneini və İran rəsmiləri tərəfindən biz artıq qələbəni təmin edəndə bu cür səslər, fikirlər ortalığa gəldi. Ona qədər susurdular, ermənilərə kömək edirdilər. Şeyx həzrətləri doğrudanmı bunu bilmir və inanmır?! O, bütün bunlardan kifayət qədər məlumatlı insandı. Çox təəssüf edirəm ki, Şeyx həzrətləri bu məsələdə yalnış fikir söylədi və bu məni ağrıdır. Ola bilsin ki, Şeyx həzrətlərinin dini baxımdan Xamenei ilə eyni zamanda, İranın din xadimləri ilə normal dostluq münasibətləri var. Bunların hamısı öz yeridə və biz bu gün həqiqətən Şeyx həzrətlərinin sidq ürəkdən İranın Azərbaycanın yanında olmasına göstərmiş olduğu xidmətləri də yüksək qiymətləndiririk. Bunu da təbii ki, unutmaq olmaz və unutmalı da deyilik. Ancaq hər şey öz adıyla qeyd edilməlidir. Bu qələbədə İranın, onun dini liderinin, dövlət strukturlarının hər hansı bir rolu olmadı, onlar hər zaman Ermənistanın yanında oldular. İndi ermənilər sadiq olduqları xəyanətkar, satqın ənənələrə uyğun olaraq İrana arxa çeviriblər. Çünki onların üzü Amerika Birləşmiş Ştatlarına, qərbədir. Belə olan halda İranın ona etmiş olduğu köməyi Ermənistan çox asanlıqla unudub, heç onu vecinə də almayacaq. Ona görə də yeri gəlmişkən onu da demək istəyərdim ki, illər uzunu biz bunu müşahidə edirik. Müstəqillik qazandıqdan bu günə qədər İranın ən müxtəlif rəsmi dairələri Azərbaycana təhdid dolu addımlar atıb. Onlar Azərbaycanın müstəqil, güclü dövlət olmasını qəbul edə bilmirlər. Buna böyük qısqanclıqla yanaşırlar. Çünki bunun cənubdakı soydaşlarımızın Milli Azadlıq Hərakatına ciddi bir təsiri var. Bizdən asılı olmayaraq bu təbii, obyektiv bir prosesdir. Ona görə də Şeyx həzrətləri gələcəkdə ümidvaram ki, söyləmiş olduğu fikirlərdə çox diqqətli olmalıdır və Azərbaycan xalqının, ordusunun və müzəffər sərkərdəmizin əməyini, şəhidlərimizin tökmüş olduğu qanı, qazilərimizin zəhmətini Xamenei ilə, onun tərəfdarları ilə bölüşməli deyil. Onun içərisində onların yer almasına yönəlmiş fikirlər söyləməli deyil”.

 46 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »