Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda olan diaspor nümayəndələri ilə görüş keçirilib.
İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş iştirakçılarını salamladıqdan sonra komitə sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, müharibə dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib.
Komitə sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verib və bildirib ki, Qarabağda qazanılan böyük zəfərdən sonra diasporun qarşısında duran ən vacib məsələ Azərbaycanın dünyada tanıdılmasıdır.
Qeyd olunub ki, ölkəmizin məruz qaldığı terrorun dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə nüfuzlu xaricilərin Azərbaycana, Qarabağa səfərlərinin təşkil olunması zəruridir. Diaspor nümayəndələri bildiriblər ki, həm 44 günlük müharibə dövründə, həm də ondan sonra dünya ictimaiyyətinin diqqətini işğaldan azad olunmuş ərazilərdəki ekoloji terrora, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsinə çəkmək üçün müxtəlif səpkili tədbirlər həyata keçiriblər.
Çıxış edənlər diaspora göstərilən diqqət və qayğıya görə dövlətimizə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, Diasporla İş üzrə Dövlət Komitəsilə işləməkdən məmnunluq duyduqlarını, həyata keçirilən uğurlu layihələrdən ciddi səmərə əldə olunduğunu ifadə ediblər. Sonda diaspor fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb və diaspor nümayəndələrinin təklifləri dinlənilib. Qeyd edək ki, görüşdə 24 ölkədən 72 nəfər iştirak edib.
İctimairey.az