Türkiyə-Azərbaycan qardaşlığı “bir millət, iki dövlət” prinsipi əsasında qurulub. Həm Türkiyə, həm də Azərbaycan xalqları bu formul əsasında yaşayırlar.
Zafer Tv xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşla görüşdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, 44 günlük Vətən savaşında bütün dünya Türkiyənin Azərbaycana dəstəyinin şahidi oldu. Bu dəstək, eyni zamanda, Türkiyənin qüdrətinin daha bir təsdiqi idi.
“Bu gün Azərbaycan və Türkiyə dövlətləri tarixlərinin ən şərəfli dövrünü yaşayır. Dövlətlərimiz arasındakı əlaqələrə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri böyük töhfə verir”, – deyə Əli Əhmədov qeyd edib.
AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş Türkiyə-Azərbaycan əlaqələrinin yeni mərhələyə yüksəldiyini bildirib. O deyib: “Qarabağ Zəfəri təkcə erməni işğalına son qoymadı, həmçinin regionda yeni reallıqlar yaratdı. Bu Qələbə bizim üçün də qürur mənbəyidir. Bu Zəfərin miqyası qarşıdakı illərdə daha aydın görünəcək”.