Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, “Çıraq Palace” şadlıq sarayında keçirilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Obyekt sahibi Mətləb Abbasov barəsində inzibati protokol tərtib edilib.
Rayon ərazisində fəaliyyət göstərən “Paris” şadlıq sarayında isə keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb.
Bundan başqa, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Alıncalı və Sarıqamış kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.