“Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamların səsləndirilməsini kökündən yanlış hesab edirəm. Şeyx həzrətləri hər zaman Azərbaycan dövlətçiliyinin və İslam birliyinin müdafiəçisi olub. Onun ünvanına səsləndirilən fikirlər artıq tənqid deyil, Şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdiddir”.
İctimairəy.az xəbər verir ki, Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
“Onun çıxışının təhrif edilməsi, başqa mənalara yozulması yolverilməzdir. Bəli, şübhəsiz, qələbə Azərbaycan əsgərinin şücaəti və əzmi sayəsində əldə olunub. Şeyx həzrətlərinin vurğuladığı kimi, bütün xalq, dini və siyasi baxışından asılı olmayaraq Ali Baş Komandanın ətrafında birləşib bu qələbəni qazandı. Bununla belə, digər ölkələrin bizimlə həmrəy olması, dəstək verməsi bizim haqlı mövqeyimizin beynəlxalq müstəvidə təsdiqi anlamına gəlir. Biz qonşularımızla, xüsusilə müsəlman ölkələri ilə, dostluq və qardaşlıq içində yaşamalıyıq. Bundan dövlətimiz və xalqımız yalnız qazanacaq.
Fətva mövzusuna gəlincə, bu siyasi deyil, dini bir anlayışdır. Azərbaycanın haqlı mövqeyinə dəstək verən bir fətva, bizim mübarizəmizin yalnız beynəlxalq hüquq baxımından deyil, dini-mənəvi baxımdan da ədalətli olmasının ifadəsidir.
Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamlar irəli sürənlər onun hansı cəsarətlə 20 yanvar hadisələrində imperializmə qarşı dayandığını, xalqımızın mənafeyini qorumaq üçün mətin mövqe tutduğunu, çoxmillətli və çoxkonfessional ölkəmizdə dini və milli birliyin təmin olunmasında zəhmətini unutmamalıdır”, – Hacı Şahin qeyd edib.///manset.az
İctimairey.az