Elmar Vəliyevin yarımçıq qalmış hoteli…

0

Kiminin əvvəli, kiminin axırı…

O gün yolumuz Göygölə düşmüşdü – eyni adlı şəhərdən keçərək eyni adlı gölə tərəf gedirdik. Mikroavtobusda 18 nəfər idik. Mən öndə, sürücünün yanında oturmuşdum. Sürücülər söhbətcil olanda (adətən, elə olurlar), yol daha maraqlı olur. Gözünə maraqlı və çöçün görünən şeylər barədə soruşursan, həvəslə cavab verirlər. Bəxtimdən, sürücümüz münasib adam idi. İlk sualım yolun kənarındakı “Gəncə şəhəri Hacıkənd qəsəbəsi” lövhəsi barədə oldu. Dedim, bəs Hacıkənd Xanların, yəni indiki Göygöl rayonunun tabeliyində deyildimi. 60 yaş civarındakı sürücü cavab verdi: “Bunu o vaxt Elmar müəllim düzüb-qoşub Xanlardan aldı, Gəncənin tabeliyinə keçirtdi”. “Elmar müəllim” sözündən quşqulandım ki, sürücümüz müəllimə rəğbət bəsləyir. Gözlənilməz idi. Çünki Gəncə camaatı başına güllə vurulmuş sabiq başçıdan söz düşəndə adətən əl aparıb, qan gətirir. Çox çəkmədi, ağsaqqal Elmar Vəliyevə rəğbətinin qaynağını açıqladı: “Uzun illər əvvəl gömrükdə bir yerdə işləmişik. Münasibətimiz, alış-verişimiz olub”. Aha! Korporativ maraqlar. Ardınca yeni bir gözlənilməz açıqlama: “Ancaq o, Gəncəyə başçı gələndən sonra məni tanımadı. Sanki heç tanış deyilmişik”. Anlaşıldı. Sürücünün başçıya işi düşüb, o da bunu yola verib. Amma bəs rəğbət haradandır? “Qoçaq adamdır, – sürücü söhbətinə davam edir. – qurub-yaradan idi, abadlığa çox fikir verirdi”. Göygölə qalxan yol və yolkənarı yerlər gerçəkdən də abad idi. Əməllicə iş görülüb. Birdən sürücü yol kənarındakı 5+ mərtəbəli, tikintisi başa çatmış möhtəşəm tikilini göstərir: “Bax, bu bina var ha, “Hacıkənd-plaza” hotelidir. Elmar müəllimindir. Amma o güllə məsələsindən sonra burda iş dayandı. İstifadəyə verilmədi. İçinin işləri qalıb, bir də böyür-başının abadlaşdırılması, yanında bəzi obyektlərin tikilməsi-filan. Mansardını da özü üçün düzəltdirirdi”. Hotel gerçəkdən möhtəşəm idi. Hiss olunurdu ki, Elmar müəllim doğrudan da qurub-yaradan adam imiş. Gendən baxanda hotelin 6-cı mərtəbəsinin, yəni çardağının azı 3-4 yüz kvadratmetrlik sahəyə malik olduğu bilinir. Növbəti sualım: “Nə əcəb buralarda Elmar müəllimin başqa villası yoxdur?” Sürücünün cavabı: “Niyə yoxdur? Var. Toğana kəndindədir, yaxınlaşanda ora burulan yolu göstərərəm. O cür villa bəlkə də bu ölkədə yoxdur. Bax, bu Kürəkçay var ha, həmin villanın ortasından keçir. Elə düzəldiblər ki, çay həyətin bir yerində təbii şəlalə kimi tökülür. Villanın həyətində forel vətəgəsi də var. Balıqların üzü aşağı üzüb getməmələri üçün şeylər düzəldilib”. Növbəti sual ağlıma gəlir, amma sürücünün sözünə şəkk edirmişəm kimi çıxacaq deyə dilimə gətirmirəm. Təcrübəli ağsaqqal sualı gözümdən oxuyub cavab verir: “Mən bunları hardan bilirəm? Olmuşam o villada. Adam, material aparmışam. Hətta bir dəfə ora manqal şişi aparmışdım. Xoşuma gəldi, ikisini götürdüm. Ardımca adam göndərdilər ki, onlar elə-belə şiş deyil. Biri yüz dollardır. Qaytarıb gətirib verdim”. Sürücü bunu deyib gülür. Mən də düşünürəm ki, görəsən, şişlər hansı materialdan olub, gümüşdənmi, nikeldənmi, yoxsa başqa bir paslanmayan, bahalı xəlitədən-zaddan. Sürücü öz söhbətləri ilə məni təəccübləndirməkdə davam edir, əliylə dağın təpəsindəki tənha villanı göstərir: “O da Elmar müəllimin oğlunundur. Adı yadımda qalmayıb. Yumrusifət oğlandır”. “Elmir”, – deyirəm. “Hə, elə olar. O villadan hər tərəf görünür, qala kimi bir yerdir”. Gerçəkdən də yaxınlaşdıqca görürsən ki, həmin villaya heç bir tərəfdən yaxınlaşmaq mümkün deyil – nə piyada, nə maşınla. Qayalar, təpələr elə çapılıb ki, oraya yalnız bir yolla getmək olar, ya da yalnız XTQ-nin Şuşaya dırmaşan uşaqları köhnə təcrübələrindən yararlanaraq villaya dırmaşa bilərlər. Arada sürücü bəlkə də Elmar müəllimə haqq qazandırmaq məqsədi daşıyan daha bir maraqlı informasiya verir: “Ölkəmizdə 72 rayon yoxdur? Onun ən azı 50-sinin icra başçılarının Hacıkənddə və ətraf kəndlərdə imarətləri var”. Göygölə qalxan yolda qoyulmuş 2 manatlıq post – burdan hər gün minlərlə maşın keçir Göygöl postuna çatırıq. Burada yol ikiyə ayrılır. Sürücü deyir: “Sağa gedib, Göygölə çıxacağıq, solda isə o dediyim yerdir, maşında adamlar olmasa, səni aparardım, müəllimin cah-cəlalını özün görərdin”. “Bu qədər də bəsdir”, – düşünürəm. Mənim bu “cah-cəlal”ı görüb-görməməyim heç nəyi dəyişmir. Əsas odur ki, bu “cəh-cəlal”ı görməli, qiymətləndirməli olan adamlar var. Geri qayıdanda xahiş edirəm, sürücü maşını yavaşıdır, Elmar müəllimin “gülləyə gəlmiş” hotelinin şəkillərini çəkirəm. Doğrudan da hayıfdır, yiyəsiz qalsa, dağılıb, uçulub gedəcək. Kimsə onu götürsün, əmələ gətirib xalqımızın istifadəsinə versin. “Musavat”

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »