Kəlbəcərdəki təxribat nəyə işarədir? – Tezliklə bu mesaj veriləcək

0

Ermənistan silahlı qüvvələri yenidən təxribata əl ataraq sərhəddə vəziyyəti gərginləşdirib. Belə ki, ötən gün düşmən tərəfi Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Ordusu qısa zaman ərzində düşmənin Basarkeçər rayonu ərazisindəki bütün atəş nöqtələrini susdurub, qarşı tərəfə lazımi cavab verilib.
Hazırda Kəlbəcər istiqamətində vəziyyətin sabit olduğu deyilir.
Dünənki təxribat nədər xəbər verir?
Maraqlıdır, Ermənistan ordusunun növbəti sərhəd təxribatı Azərbaycanda yeni Baş Qərargah rəisi təyinatı ilə eyni vaxtda baş tutdu. Bu məqam özlüyündə ortaya bir sıra suallar çıxarır: Ermənistanın məqsədi nədir, İrəvan belə təxribatlarla nəyə nail olmaq istəyir?
Prosesləri analiz etdikdə məlum olur ki, düşmənin məhz dünən – ölkədə Silahlı Qüvvələrin Baş Qərargahına yeni rəis təyin olunduğu saatda mövqelərimizi snayperlərlə atəşə tutması heç də təsadüfə oxşamır. Səbəbləri bizə məlum olmasa da, görünür ki, 44 günlük Vətən Müharibəsində iştirak etmiş qalib generalın və digər zabitlərin Azərbaycan Ordusunda yüksək vəzifələrə təyin olunması Ermənistanı və bu ölkənin havadarlarını ciddi narahat etməyə başlayıb.
Əlbəttə, ermənilərin məkrli planları barədə digər versiyalar da istisna deyil.
Hərbi ekspert Ədalət Verdiyev sərhəd təxribatı barədə Modern.az-a açıqlamasında bildirib ki, ermənilər bəzi qüvvələrin arxasında gizlənirlər:
“Son həftələr ərzində Ermənistan silahlıları Naxçıvan və Kəlbəcər istiqamətində intensiv olaraq atəşkəsin pozulması ilə məşğuldur.
Xatırladaq ki, 44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edildi. Belə bir ordunun atəşkəsdən 8 ay sonra kiminsə arxasında gizlənərək Azərbaycan ərazilərini atəşə tutması və hərbçilərimizin həyatına qəsd etməsi bizim üçün qəbulolunmazdır”.
Ekspertin sözlərinə görə, Azərbaycan xalqı yaxın günlərdə yenidən “düşmən məhv edildi” mesajını eşidəcək:
“Azərbaycan Ordusu hazırda düşmənin atəş nöqtələrini bir neçə dəqiqə içərisində tamamilə məhv etməyə qadirdir. Ermənistanın ordusu və rəhbərliyi bunu hamıdan yaxşı bilir. Odur ki, artıq ictimaiyyət “düşmən məhv edildi” mesajını gözləyir. Yaxın günlərdə biz Ermənistanın daha sarsıdıcı cavab alacağına şahidi olacağıq. Buna qətiyyən şübhə etmirəm”.
İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »