Ekspertlərin Moskva görüşündən gözləntiləri nədir?
Xəbər verildiyi kimi, iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə səslənən bəyanatlardan bir daha aydın oldu ki, iki dövlət arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Bu gün Rusiya-Azərbaycan münasibətlərinin bu cür inkişafı regional təhlükəsizliyin və sülhün qorunub saxlanılmasına da öz töhfəsini verir.
Digər tərəfdən qeyd etməliyik ki, Azərbaycan-Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq baxımından da ən yüksək səviyyədədir. Dağlıq Qarabağ münaqişəsinə son qoyan birgə Bəyanatın imzalanması da Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinin inkişafının göstəricilərindəndir. Qeyd olunanlar fonunda bu ümumiləşdirmə aparılır ki, bu rəsmi sənəd iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında, yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir. Ötən illərin təcrübəsinə əsasən, demək olar ki, Azərbaycanla bağlı obyektiv mövqe sərgiləməsi üçün Rusiyanın əlinə tarixi fürsət düşüb. Ümidvarıq ki, Azərbaycan cəmiyyətinin etibarını qazanmaq üçün Moskvanın yaranmış şəraitdən düzgün və ədalətli istifadə edəcək. Priseslərin gedişatı onu göstərir ki, Rusiya bu fürsəti lazımi səviyyədə dəyərləndirə bilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfərinin nəticələrini ekspertlər necə təhlil edir?
Zaur Məmmədov: Moskva görüşünün nəticələrini biz yaxın vaxtlarda görəcəyik
Politoloq Zaur Məmmədov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən Moskva görüşünün nəticələrini biz yaxın vaxtlarda görəcəyik: “Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində sakitliyin olması, atəş səslərinin dayanması da onun göstəricisidir ki, Moskva və Bakı arasında müəyyən mənada anlaşmazlıq olan məsələlər artıq həllini tapıb. Təbii ki, Azərbaycanın istəyi bəllidir: Tez bir zamanda Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin əsasının qoyulması, demarkasiya-delimiasiya işlərinin aparılması, eyni zamanda, bütün nəqliyyat xətlərinin, Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin digər nəqliyyat xətlərindən daha tez açılması da indiki məqamda həllini tapacaq istiqamətlərdən biridir.”
Rusiya tərəfi də başa düşməlidir ki…
Politoloq qeyd etdi ki, ümumilikdə, 2020-ci ilin 10 noyabr razılaşmasında qeyd edilən məsələlər mütləq şəkildə reallaşmalıdır: “Oradaki bəndlərdə bəzi müddəalar var idi ki, hələ də Ermənistan tərəfindən həyata keçirilməyib. Moskva görüşündə bu məsələlərin də qaldırılması ehtimalı kifayət qədər yüksəkdir. Azərbaycanı narahat edən bəzi məsələlər var idi. Müəyyən geosiyasi qüvvələrin, qlobal güclərin Cənubi Qafqazdaki proseslərə müdaxilə etmək, Qarabağın dağlıq hissəsi ilə bağlı təxribat yaratmaq istəyilə bağlı məsələ də Moskva görüşündə müzakirələr edilib. İstisna deyil ki, Rusiya və Azərbaycanın gələcəkdə atacağı birgə addımlar da həmin görüşdə müzakirə predmeti olub. Hər halda Rusiya tərəfi də başa düşməlidir ki, Cənubi Qafqaz regionunda öz maraqlarını həyata keçirmək istəyirsə, təxribatçı Ermənistanın yanında yox, məhz Azərbaycanın yanında yer almalıdır və ədalətin, beynəlxalq hüququn yanında yer alan Azərbaycanla bir olarsa bölgədəki iqtisadi, siyasi maraqlarını tamamilə geniş şəkildə reallaşdıra bilər.”
Yusif Bağırzadə: Görüş zamanı əsas diqqət postmüharibə dövrünün reallıqlarına yönəlmişdi
Politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Rusiyaya son səfərini şərh edərkən bildirdi ki, görüş zamanı müzakirə olunan məsələlər ilk baxışdan hər nə qədər iqtisadi məsələlər kimi görünsə də, əslində əsas diqqət postmüharibə dövrünün reallıqlarına yönəlmişdi: “Müsbət amil ondan ibarətdir ki, həm ikitərəfli münasibətlər, həm də regional məsələlərə bağlı geniş aspektdə aparılan fikir mübadiləsinin nəticəsində tərəflər ortaq mövqe ortaya qoydular. Belə ki, postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentlərinin ortaq mövqedən çıxış etməsi hər iki dövlət başçısının mətbuata açıqlamalarından da aydın şəkildə görünür.”
Zəngəzur dəhlizinin açılması məsələsində hər iki dövlət eyni yanaşmadan çıxış edir
Y.Bağırzadə qeyd etdi ki, həmçinin, Azərbaycan və Rusiya prezidentləri arasında regionda məhz əməkdaşlıq mühitinin formalaşması, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, o cümlədən bu nöqteyi-nəzərdən kommunikasiyaların bərpası ətrafında fikir mübadiləsi aparılıb: “Cənab Prezidentin görüş zamanı səsləndirdiyi “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik” bəyanatı ümumilikdə görüşün ana xəttini təşkil etdi desəm yəqin ki, səhv etmərəm. Burada təbii olaraq söhbət Rusiya Prezidentinin iştirakı ilə imzalanmış 10 noyabr 2020-ci il, o cümlədən 11 yanvar 2021-ci il tarixli sənədlərdə əksini tapmış kommunikasiyaların bərpası məsələsindən gedir. Görüş zamanı hər iki ölkə başçısının bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinin vacibliyi ilə bağlı ortaq mövqe nümayiş etdirməsi olduqca uğurlu addımdır. Belə ki, 10 noyabr və 11 yanvar sənədlərində imzası olan üç ölkədən ikisinin vahid mövqedən çıxış etməsi həm də üçüncü tərəfə, yəni Ermənistana verilmiş mesaj kimi də qəbul oluna bilər. Başqa sözlə Azərbaycan və Rusiya prezidentləri Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdinin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmış oldular. Ümumiyyətlə isə görünən odur ki, Zəngəzur dəhlizinin açılması məsələsində də hər iki dövlət eyni yanaşmadan çıxış edir.”
Ortaq mövqedən çıxış edilməsi, həm də iki dövlət başçısı arasında şəxsi münasibətlərin xarakterindən irəli gəlir
Həmsöhbətimiz əlavə etdi ki, görüşdən çıxan digər nəticə həm də ondan ibarətdir ki, iki ölkə başçısı ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə postpandemiya dövrünün yaradacağı imkanlardan maksimum istifadə edilməsi üçün siyasi iradə ortaya qoydular. Ümumilikdə, görüş olduqca məhsuldar keçdi. Təbii ki, bütün bunlar, yəni Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələrin aparılması, eləcə də, geosiyasi reallıqlara yanaşmada ortaq mövqenin çıxış edilməsi, həm də iki dövlət başçısı arasında şəxsi münasibətlərin xarakterindən irəli gəlir.
Rəsmi Bakının Moskva görüşündən gözləntiləri çoxdur
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə vurğuladı ki, 44 günlük müharibənin bitməsindən keçən 8 ay ərzində 10 noyabr üçtərəfli Bəyanatının bir sıra şərtləri Ermənistanın revanşist və destruktiv siyasət yürütməsi və sülhməramlıların səhlənkarlığı ucbatından hələ də yerinə yetirilməmiş qalır: “Proseslərin müəyyən mənada “dalan”a dirəndiyi göz qabağındadır. Ermənilər mina xəritələrinin hamısını çoxdan Azərbaycana verməli olsalar da, onlar bu prosesi süni surətdə yubadırlar. Eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də yenə də ermənilərin günahı üzündən dayanıb və hazırda bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Ermənilər həmçinin Zəngəzur dəhlizinin açılmasını, sülh sazişinin imzalanmasını da qəsdən yubadırlar. Eyni zamanda, Ermənistan silahlı qüvvələri dövlət sərhədimizin Naxçıvan istiqamətində və sülhməramlıların nəzarətində olan ərazilərimizdə tez-tez atəşkəs rejimini pozur və bu cür lokal atışmalar vasitəsilə Azərbaycanı növbəti konfliktə təhrik edirlər. Əlbəttə, bütün bunların Azərbaycan cəmiyyətini narahat etməsi təbiidir və Azərbaycanın dövlət başçısı da ilk növbədə məhz bu məsələlərin yoluna qoyulması məqsədilə Moskvaya səfər etmişdi. Çünki rəsmi Moskva bu məsələlərin həlli üçün vasitəçi tərəf kimi məsuliyyət daşıyır. Vasitəçi tərəflə bu cür işgüzar, cari görüşlər nə qədər çox keçirilərsə, bunun ümumi işin nəticəsinə müsbət təsiri də bir o qədər çox olar. Mövcud problemləri Vladimir Putinlə üzbəüz müzakirə etmək və birgə həll yollarını tapmaq düşünürəm ki, ən optimal addımdır. Azərbaycan Prezidentinin Moskvaya səfəri də məhz bu məqsədə xidmət edirdi.”
Rusiya ilə qarşılıqlı faydalı, işgüzar münasibətlərimizi davam etdirməklə 10 noyabr və 11 yanvar razılaşmalarının bütün şərtlərinin yerinə yetirilməsinə nail olmalıyıq
Partiya sədri bildirdi ki, Rusiyanın Ermənistanla dostluğunun və strateji tərəfdaşlığının hazırkı mərhələdə ilk növbədə Rusiyanın özünün maraqlarına zərərli olduğunu Kreml rəhbəri məhz bu cür təmasların, müzakirələrin sayəsində hiss edə bilər, fərqinə vara bilər. Bu baxımdan, mən bu səfəri mühüm əhəmiyyətli səfər kimi qiymətləndirirəm. Biz Rusiya ilə qarşılıqlı faydalı, işgüzar münasibətlərimizi davam etdirməklə 10 noyabr və 11 yanvar razılaşmalarının bütün şərtlərinin yerinə yetirilməsinə, eləcə də Xankəndi, Xocalı, Xocavənddə dövlət suverenliyimizin bərpa olunmasına nail olmalıyıq. Bütün bunlar mümkündür və realdır. Biz oturub Fransanın və ya ABŞ-ın bu məsələlərin həllində səmimi və səmərəli vasitəçilik edəcəklərini gözləyə bilmərik. Zatən heç gözləmirik də. Çünki onların mövqelərini görürük. Xüsusən də Fransa prezidenti Emmanuel Makronun destruktiv-pozucu mövqeyi gün kimi aydındır. Odur ki, qeyd etdiyim məsələlərin çözülməsində bu gün məhz Rusiya ən real vasitəçi kimi çıxış edə bilər.
Dövlət başçısının “münaqişədən sonrakı dövr” ifadəsini işlətməsi də heç də təsadüfi deyildi
Müsahibimiz xatırlatdı ki, Moskva görüşü, Rusiya və Moskva prezidentləri arasında olan dostluq münasibətləri sülh razılaşmalarının birgə həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin qurulması, Cənubi Qafqazın müharibə bölgəsi yox, ortaq inkişaf bölgəsi olması üçün əlverişli zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin sözügedən görüşdə bir neçə dəfə “münaqişədən sonrakı dövr” ifadəsini işlətməsi də heç də təsadüfi deyildi: “Bununla da Qarabağ münaqişəsinin bitməsi faktı bir daha açıq mətnlə Kreml rəhbərinin diqqətinə çatdırılmış oldu və rəsmi Bakı üçün postmünaqişə dönəmində ilk növbədə sərhədlərin demarkasiyasının başa çatdırılmasının, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının, eləcə də 10 noyabr və 11 yanvar razılaşmalarındakı digər müddəaların yerinə yetirilməsinin vacibliyi vurğulandı. Bu, dövlət başçımızın mükəmməl düşünülmüş taktiki addımı idi. Fikrimcə, bu görüşdən əldə edilmiş müsbət nəticələr tezliklə real proseslərdə özünü göstərəcək.” “İki sahil”
İctimairey.Az