Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət yaradılan monitorinq qrupları şəhər ərazisində fəaliyyət göstərən restoranlarda yoxlamaları davam etdirirlər.
Ictimairey.Az APA-ya istinadən bildirir ki, monitorinqlər zamanı 44 restoranda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyəti yoxlanılıb.
Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi, iştirakçıların COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlər yoxlanılıb.
İndiyədək aparılan monitorinqlər nəticəsində 12 restoranda karantin qaydalarının pozulduğu məlum olub. Belə ki, restoranlarda obyekt sahibləri tərəfindən “icaze.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı və tərəflər arasında bağlanmış iltizamın müştərilər tərəfindən pozulduğu məlum olub. Bir sıra restoranlarda şənlik iştirakçılarının təsdiqedici sənədi olmaması müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar xəbərdarlıq edilərək geri qaytarılıb.
Sumqayıt şəhər Polis İdarəsinin Təşkilati-inspeksiya qrupunun baş inspektoru, polis polkovniki Fazil Aslanov APA-ya bildirib ki, aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarını pozduqlarına görə 4000 manat cərimələniblər. F. Aslanov qeyd edib ki, 3 restoran sahibi dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin qaydalarına zidd olaraq toy məclisi təşkil etdikləri üçün barələrində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Ictimairey.Az