“Nərminin otaqdan qaçmaq şansı yox idi” -İlkinin etirafedici ifadəsi

0

Ötən il yanvarın 6-da Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı ziddiyyətli açıqlamalar və iddialar bu gün də davam edir. Bu işdə İlkin Süleymanov təqsirləndirilərək həbs edilib və hazırda məhkəmə prosesi gedir. İ.Süleymanov saxlanıldığı gün etirafedici ifadə versə də, sonradan bunu işgəncə altında verdiyini deyərək təkzib edib və cinayəti törətmədiyini bildirib.

İctimai Rəy xəbər verir ki, “Qafqazinfo” İ.Süleymanovun yanvarın 10-da istintaqa verdiyi həmin etirafedici ifadəni əldə edib.

O ifadəsinə görə, noyabrın 21-i saat 15:30-da evinin darvazasının qarşısında olarkən görüb ki, həmkəndlisi, sinif yoldaşı Şərif Quliyevin qızı Nərmin Quliyeva evlərinin darvazasının qarşısından keçir: “Nərmin mənimlə salamlaşdı və bir-birimizdən hal-əhval tutduq. Sonra onun dərsləri ilə maraqlandım, evə dəvət edərək kitablar göstərəcəyimi dedim. Nərmin razılaşdı, evin həyətinə girdik, həmin vaxt bizi küçədən kimsə görmədi. Əvvəlcə Nərmini atamın məşğələ otağına tərəf apardım, o, qapının ağzında gözlədi. Mən də otaqdakı kitablara baxdım, amma Nərminin sinfinə uyğun kitablar olmadığını görüb otaqdan çıxdım. Həmin vaxt atamla anam evdə idi. Nərmini ikinci mərtəbədə olan kitab saxlanılan başqa otağa gəlməyə dəvət etdim. Evin sol tərəfindən olan tikilinin ikinci mərtəbəsinə qalxdıq və içərisində 3 yataq olan evə keçdik. İkinci mərtəbəyə qalxanda Nərminə onun kimi bir övlada sahib olmaq istəyim olduğunu dedim. Otağa girəndən sonra sol tərəfdə olan rəfdəki kitabları götürüb Nərminə uyğun kitab olub-olmamasını axtarmağa başladım. Elə bu vaxt otaqda olarkən Nərmini həmin yerdə bir müddət saxlayıb, ona hər gün övladım kimi baxmaq istəyinə gəldim”.

İ.Süleymanovun etirafedici ifadəsində qeyd edilir ki, bundan sonra o, Nərminə orada onunla birgə qalmasını təklif edib: “Nərmin etiraz edərək evə getmək istədiyini dedi. Mən üz ifadəmi səriləşdirərək ona qalıb, sonra getməsini dedim. Bunun ardınca yandakı meyvə otağından meyvə və ip götürərək otağa geri qayıtdım. Həmin vaxt Nərminin otaqdan qaçmaq şansı yox idi, həm də o qışqırmadı. Amma səsi çıxmaması üçün ilk olaraq onun ağzını parça kəsiyi ilə bağladım, daha sonra kəndirlə onun əl-ayaqlarını otağın sağ küncündə yerləşən yatağın üstündə uzanmış halda bağladım.

Onun hər iki əlini yatağın dəmir başlığına, ayaqlarını isə eləcə bir-birinə bağladım. Bundan sonra Nərmini elə həmin otaqda saxladım. Çünki qışda həmin otağa evdə yaşayanlardan heç kim girmirdi”.

İlkin Süleymanov Nərmini orada saxladığı müddətdə onun qidalanması və təbii ehtiyaclarını ödəməsi üçün hansı işlər gördüyü barədə də danışıb: “Tualetə çıxması üçün yanına hər gün işlənmiş dəmir boya qabı aparırdım. Bu vaxt onun əllərini açırdım və qışqırmaması ilə bağlı hədə-qorxu gəlirdim. Nərmin həmin boya qabına təbii ehtiyaclarını etdikdən sonra qabı aparıb küçədə zibilliyə atırdım. Həmin zibillik evdən təxminən 50 metr aralıda olan dərə kimi yerdə idi, bunu elə vaxtlar edirdim ki, onu görən olmasın.

Demək olar ki, hər gün vaxtaşırı Nərminin yanına gəlirdim, ona qidalanması üçün bəzən şirin bulka, bəzən adi çörək, bəzən isə evdə bişən quru yeməklərdən aparırdım. Bunu da evdə olanların hiss edə bilməyəcəyi vaxtlarda edirdim ki, Nərminə yemək aparmağını evdə heç kəs görməsin. Onun yanına qalxan vaxt ağzını açıb yeməyini verirdim. Daha sonra yenə ağzını bağlayıb otaqdan çıxırdım. Bəzi hallarda o, qışqırmağa çalışsa da, dərhal onun ağzını tutub qışqırmağına imkan vermirdim”.

İstintaqın etirafedici ifadə kimi təqdim etdiyi sənəddə İlkin Süleymanov Nərmini zorlayıb-zorlamadığı haqda sualı da cavablandırıb: “Nərmini orada saxladığım müddətdə onunla cinsi əlaqədə olmamışam, övladım kimi orada saxlamışam. Bəzi hallarda öpərək ona qarşı övlad sevgimi göstərmişəm. Nərminə hər-hansı fiziki ağrılar yaşatmamışam, bəzi hallarda uzanıqlı hala gəlməsi üçün onu itələyərək çarpayıda uzandırırdım. Nərmini həmin otaqda saxladığım müddətdə evdə yaşayan heç bir ailə üzvüm onu görməyib”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »